Bia.Az

Mirşahini, Aqil Abbası parodiya etdilər və... - "Bu şəhərdə" ilə özəl

Şou
 13-11-2022, 01:50     351

"Bu Şəhərdə" komandasının üzvləri, əməkdar aristlər Coşqun Rəhimov, Rafael İsgəndərov və prodüser Müşfiq Abbasov Teleqraf.com-un suallarını cavablandırıb.
Üçlü müsahibəni təqdim edirik.

- Noyabrın 5-6-9-da Heydər Əliyev Sarayında üçgünlük "Qəşş Əng" adlı konsert proqramı ilə çıxış etdiniz. Niyə məhz "Qəşş Əng"?..

Rafael İsgəndərov: Konserta adı Müşfiq Abbasov seçib. Bizdə ad hər zaman fərqli olub, "BalDuz", "Qəşş Əng" və sair. Reklamımızda da qeyd edilib ki, "qəşş eləməkdən ənginiz ağrıyacaq".
Coşqun Rəhimov: Bəli, "Qəşş Əng" sözünü böləndə maraqlı alınır.
- Üç illik fasilədən sonra konsert proqramı ilə çıxış etdiniz. Konsertiniz necə keçdi?
Coşqun Rəhimov: Konsertimiz yaxşı keçdi, səhnələrimizi müzakirə etdik, əyər-əskikliklərimizi düzəltdik. Baxmayaraq ki, eyni tamaşa idi, amma hər gün başqa cür oynadıq. Hər gün sanki tamaşaçılar yeni tamaşa izləyirdilər.
- Həmişə konsertlərinizdə məşhurları görürük. Bu dəfə kimləri dəvət etmişdiniz?
Coşqun Rəhimov: Dəvət etdiyimiz insanlar çox idi. Üç illik fasilədən, pandemiyadan sonra ilk dəfə səhnəyə çıxdıq. Çalışırdıq ki, heç kim bizdən inciməsin. Növbəti konsertlərimizə də dəvət edəcəyik. Ümumiyyətlə, deyim ki, bizdən inciyən olmur...
- Bu konsertinizdə hansı məşhurları parodiya etdiniz? Parodiyaya görə sizdən kimsə inciyə bilər...
Coşqun Rəhimov: İlk tamaşamız xalq artistləri Niyaməddin Musayev və Məleykə Əsədovanın dueti idi. Duet Məleykə Əsədova tərəfindən də çox gözəl qəbul olundu, Niyaməddin Musayev də xeyir-duasını verdi.
- Onlar özləri konsertə gəlmişdilər?
Coşqun Rəhimov: Xeyr, gəlməmişdilər. Yəqin işləri vardı. Allah Niyaməddin Musayevə can sağlığı versin. Hər ikisini dəvət etmişdik. Məleykə mənim, Niyaməddin Musayev də Rafael İsgəndərovun qiyafəsində idi. Bunun özü bir gözəllikdir. Nəzakət Məmmədova və Gülağa Məmmədovun da duetini ifa etmişik.
Çoxdan etmək istədiyim parodiya vardı, onu da həyata keçirdik, gözəl sənətkarımız, əməkdar artist Ruhəngiz Musəvi, Real TV-nin rəhbəri Mirşahin Ağayev, millət vəkili Aqil Abbas da var idi, səhnə "Mir Şahinin taxtı" adlanır.
- Mirşahin Ağayev özü salonda idi?..
Coşqun Rəhimov: Dəvətnamə vermişdik...
- Elza Seyidcahanla bağlı parodiya etmək istədiyiniz nəsə varmı?
Rafael İsgəndərov: Elza Seyidacah yaxın günlərdə "Hozu cangüdən" filminə çəkilib, başına pomidor qoymuşdu. Onu növbəti konsertimizdə parodiya edəcəyik.
Müşfiq Abbasov: Konsertin adı da "Tomat" olacaq.
- Yaxın günlərdə Zəngilan və Cəbrayıla getmişdiniz, Xudafərin körpüsü, Zəngilan hava limanında oldunuz.
Coşqun Rəhimov: Bəli, Zəngilan və Cəbrayıla Zəfər Gününə həsr olunmuş tədbirlə bağlı getmişdik.
Rafael İsgəndərov: Hadrutda əsgərlərin qarşısında konsert proqramı ilə çıxış edik. Bu bizim borcumuzdur. Amma Zəngilan və Cəbrayıla ilk dəfə gedirdik.
- Şuşa ilə bağlı hər hansı layihəniz varmı?
Rafael İsgəndərov: İnşallah, zaman göstərər.
Müşfiq Abbasov: Mart konsertimizdən sonra, inşallah, Cəbrayılın Cocuq Mərcanlı, Zəngilanın Ağalı kəndlərində konsertimiz olacaq. Üç dəfə Cocuq Mərcanlıda konsert proqramı ilə çıxış etmişik.
- Bəs Şuşada?..
Müşfiq Abbasov: Böyük məmnuniyyətlə Şuşada konsert vermək istəyərik. Hazırda Şuşada abadlıq işləri gedir. Bu işlər bitsin, konsertə hazırıq. Çox istərdik, orada ilk konserti biz verək. Cocuq Mərcanlıda əsgərlərimiz qarşısında üç dəfə çıxış etmişik. İlk dəfə orada solo konserti biz vermişik.
- Cem Yılmaz müsahibələrinin birində deyib ki, "məni sevməyən insanlarda bunun səbəbini axtarmağa çalışıram". Ümumiyyətlə, sizi sevməyənlər varmı?
Rafael İsgəndərov: Ola bilməz ki, bizi sevməyən insan olmasın. Yəqin bizi tamaçı kimi tanıyır, insan kimi yox. Aktyor kimi sevmirsə, bu da təbii haldır. Kimsə dünyadakı bütün müğənni və aktyorları sevir?! Səhnədən tamaşaçı kimi izləyirsən, ya sevirsən, ya da sevmirsən.
Coşqun Rəhimov: Amma incəsənət adamı tamaşaçılar tərəfindən sevilməlidir. Söhbət populyarlıqdan getmir. İlk növbədə sevilməlidir ki, qəbul olunsun.
Rafael İsgəndərov: Belə bir söz var, sənətkarı xalq yaşadır. Söhbət puldan getmir, ruzini Allah göndərir. Amma sənətkara əl çalırlarsa, deməli, o, yaşayır.
- "Planet Parni iz Baku" komandası ilə münasibətiniz necədir?
Müşfiq Abbasov: Pis deyil.
Rafael İsgəndərov: Ümumiyyətlə, bizim heç kəslə problemimiz yoxdur.

Coşqun Rəhimov: Bizim bir düşmənimiz var, o da erməni...

- Gələcəkdə millət vəkili olmaq istərdiniz?

Coşqun Rəhimov: Olmaq istərdim.

- Mədəniyyət sahəsində nələri dəyişmək istərdiniz?

Coşqun Rəhimov: Ən əsası öz sənətimizdə olan problemləri həll edərdim.

Rafael İsgəndərov: Mənim isə millət vəkili olmaq arzum yoxdu.

Müşfiq Abbasov: Təsəvvür edin, Milli Məclisdə Elza Seyidcahan və Coşqun Rəhimov oturub...

- Elza Seyidcahan parlament seçkilərində namizədliyini verdi, amma seçilmədi.

Müşfiq Abbasov: Keçən dəfə Elza xanımla görüşdük. Dedi ki, növbəti seçkilərdə yenidən namizədliyini irəli sürəcək.

Rafael İsgəndərov: Mən sənət adamlarının millət vəkili seçilməsinə pis baxmıram. Çünki müğənni, aktyor və aktrisalar arasında millət vəkili olub. Şəxsən mən özümdən danışıram. Mən millət vəkili olmaq istəmərəm.

Müşfiq Abbasov: Millətin vəkili olmaq üçün vacib deyil Milli Məclisə seçiləsən. Sözündən, fəaliyyətindən görsənir hər şey. Hərə öz sahəsində millət üçün çalışsa, millətə vəkillik etsə, ümumiyyətlə, millətin problemi olmaz və millət vəkilinə ehtiyacı qalmaz.


Müəllif: Rəqsanə Həsənova, Foto: Elmin Zahidzadə

        скачать dle 12.1