Bia.Az

İSRAİLDƏ SƏFİRLİYİMİZ AÇILA BİLƏRMİ? - “Yaxın zamanlarda bu məsələ öz həllini tapacaq”

Siyasət
 12-11-2022, 16:03     185

Son günlər İranla yaşanan gərginliklər fonunda, İsraildə Azərbaycan səfirliyinin açılması məsələsi yenidən əsas müzakirə mövzularından birinə çevrilib.
Artıq Milli Məclisin deputatları da İsraildə Azərbaycan səfirliyinin açılmasının vacibliyini dilə gətirməyə başlayıblar. Belə bir təkliflə ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Asim Mollazadə çıxış edib. Millət vəkili İsraildə Azərbaycan səfirliyinin açılmasını təklif edib. 
Qeyd edək ki, sözügedən məsələ zaman-zaman dövlət nümayəndələri və mətbuat vasitəsilə də gündəmə gətirilib. Məsələn, İsrail Prezidenti Yitzhak Hersoq iki ölkə arasındakı münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanın İsraildə səfirliyinin açılmasını xahiş edib.
Konkret tarix qeyd olunmasa da, Hersoqun, “Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”, sözləri onu deməyə əsas verir ki, bu məsələ gələn il ölkə başçsının İsrailə rəsmi səfəri zamanı öz həllini tapa bilər.
Xatırladaq ki, bir neçə gün öncə İsrail Dövlət Televiziyasının yaydığı məlumata əsasən, Azərbaycan tərəfi yaxın vaxtlarda İsraildə səfirlik açmağa hazırlaşır. Mənbə gecikmənin əsasən texniki məsələlərlə bağlı olduğunu, bu yöndə rəsmi Bakı və Təl-Əviv arasında danışıqların getdiyini bildirib.
Məlumat üçün qeyd edək ki, İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayında qurulub. 1993-cü ilin avqustunda isə bu ölkənin Bakıda səfirliyi açılıb. Həmçinin İsrail Azərbaycanın əsas strateji tərəfdaşlarından biri hesab olunur. Qarşılıqlı maraqlara söykənən Azərbaycan-İsrail münasibətləri müasir dövrdə də dinamik surətdə inkişaf etməkdədir. Bu 30 il ərzində atılan addımlar və verilən qərarlar hər iki ölkənin bir-birinə olan inam və sadiqliyini daha da gücləndirib.
Bu zaman təbii olaraq ortaya belə bir sual çxıır: “Niyə İsraildə Azərbaycan səfirliyi yoxdur?”

Bu mövzuyla bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov “AzPolitika.info”-ya şərhində bildirib ki, yaxın gələcəkdə bu məsələnin həll ediləcəyi gözlənilir:“Artıq Azərbaycan tərəfindən İsraildə səfirliyinin açılması ilə bağlı ilkin addımların atıldığını müşahidə edirik. Ümumiyyətlə, İsraildə Azərbaycan səfirliyinin açılmasına heç bir maneə yoxdur. Azərbaycan tərəfi geopolitik situasiyaları nəzərə alaraq, belə bir addım atmırdı. Düşünürəm ki, artıq Türkiyənin də İsrailə səfir təyinatından sonra Azərbaycanın İsraildə səfirliyinin açılmasının qarşısında heç bir əngəl qalmır və yəqin ki, yaxın zamanlarda bu məsələ öz həllini tapacaq”.
Ekspert iki ölkə arasındakı münasibətlərə də toxounub: “Bu gün Azərbaycanın-İsrail münasibətləri ən yüksək səviyyədədir. Beynəlxalq platformalarda Türkiyə diasporasından sonra Azərbaycana ən böyük dəstəyi yəhudi lobbiləri göstəriblər. Həmçinin bizi birləşdirən bir sıra dəyərlər mövcuddur. Dünyada minlələrlə yəhudi əsilli Azərbaycan vətəndaşı var. Onların bir çoxu ölkəmizdə yaşayır. İsrailə köçərək orada Azərbaycanın diaspora işlərini uğurla davam etdirən vətəndaşlarımız da az deyil. Hesab edirəm ki, səfirlik açıldıqdan sonra Azərbaycan-İsrail münasibətləri daha da inkişaf edəcək”.

Rusiya, İran və Ərəb ölkələri...
Sözsüz ki, hər hansı bir ölkədə diplomatik səviyyədə təmsil olunmaq həmin dövlətin şəxsi məsələsidir və buna heç kim qarışa bilməz. Ancaq normal münasibətlər fonunda, İsaraildə Azərbaycan səfirliyinin açılmaması bir sıra versiyaların yaranmasına səbəb olub.
Bəzi iddialara görə, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu və Ərəb ölkələri ilə olan münasibətlərini qorumaq üçün İsrailə səfir təyin etməkdə tələsmir. Ancaq maraqlıdır ki, hazırda Ərəb və müsəlman ölkələrinin bir çoxu İsraillə münasibətlərini normallaşdırmağa çalışırlar. Buna misal olaraq İsraildə fəaliyyət göstərən Bəhreyn, Misir, Qazaxıstan, İordaniya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin səfirliklərini göstərmək olar.
İran amilinə gəlincə, İsrail əleyhinə apardığı kampaniyalarla tanınan bu ölkənin sözügdən məsələylə bağlı narazılığını dilə gətirəcəyi ehtimal edilmir. Hər halda İsraildə Ermənistan səfirliyinin fəaliyyətinə səssiz qalan, Qafanda konsolluq açan İranın bu məsələdə nəsə fikir bildirməsi yumşaq desək, gülünc olardı.

Digər bir iddiaya görə, Rusiya da İsrailin Azərbaycanla siyasi, hərbi, iqtisadi və ümumiyyətlə strateji əlaqələrinin inkişafında maraqlı deyil. Çünki Rusiya İsrail-Azrbaycan münasibətlərinin inkişafını Cənubi Qafqazda təsir imkanlarının azalması kimi qiymətləndirir./Azpolitika.info/скачать dle 12.1