Bia.Az

Vaxtsız ana olmağın fəsadları: ölüm riski, psixoloji travma, fiziki pozğunluqlar...

Sosial
 12-11-2022, 11:25     242

Mama-ginekoloq: “Ümumiyyətlə, 20 yaşdan aşağı olan hamiləlik riskli hamiləlik sayılır... ”

Bir neçə gün öncə Kürdəmirdə 17 yaşlı qızın doğuş zamanı vəfat etməsi cəmiyyətdə böyük üzüntü ilə qarşılandı. Xatırladaq ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Məlumata görə, 17 yaşlı Şəbnur İsmiyeva ötən gün doğuş zamanı dünyasını dəyişib. Yayılan məlumatlara görə, Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib. Lakin onların rəsmi nikahı olmayıb.

Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayaraq, bildirib ki, noyabrın 6-sı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsmiyevanın qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Faktla bağlı araşdırma aparılır.
Bu fakt bir daha onu göstərir ki, ölkəmizdə erkən nikah, uşaq yaşda ana olmaq problemi səngimək bilmir. Xatırladaq ki, qanuna əsasən, 16 yaşa qədər olan oğlan və qızlar uşaq hesab olunur. Azərbaycan qanunvericiliyində 2011-dən qadın üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması deməkdir.
UNİSEF-in bəyanatına görə, Azərbaycanda bir il ərzində 15 yaşına çatmayan təxminən 5 qız ailə qurur. Erkən nikah qızların tükəndirilməsi, fizioloji olaraq qadınların istismar edilməsi, onların fundamental hüquqlarının pozulmasıdır. Həmçinin bu yaşda olan qızlar ailə, uşaq sahibi olmaq qurmağa fizioloji, psixoloji cəhətdən hazır deyillər. Anaya ehtiyacı olan qızlar özləri erkən yaşda ana olur. 
Mütəxəssislər bildirir ki, bu yaşda qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Bundan başqa, qızlar qadınlıq və analıq dövrlərində yaşı az olsa belə, onlarda qadınlaşma, püxtələşmə prosesləri başlayır. Beləliklə, orqanizmdə hormonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur. Təcrübədə qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Həmin yaş həddində orqanizmdə formalaşma hələ tam başa çatmamış sayılır. İstisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu da vurğulayırlar. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır.
Daha bir məsələ, erkən ana olan qadınların sonradan uşaqlarından imtina etmək, uşaq evlərinə vermək, uşaqlarına düzgün tərbiyə verə bilməmək halları çox olur. Mütəxəssislər həmçinin qeyd edirlər ki, adətən qadınlarda cinsi yetişkənlik dövrü 18 yaşda tamamlanır. Məhz bundan sonra qadınlar həm psixoloji, həm də fizioloji doğuşa hazır olmağa başlayır.
Mövzu ilə bağlı tanınmış mama-ginekoloq Rəşad Sultan “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, biz həkimlər 20 yaşdan aşağı olan hamiləliyi riskli hamiləlik hesab edirik. Çünki vaxtından əvvəl doğuşlar olur, bu isə yarımçıq uşaqlara səbəb olur, yarımçıq doğulan uşaqlar isə reanimasiyaya yerləşdirilir, bəzən isə qalmır. Yeni doğulmuş uşaqlarda ölüm faktlarının olması daha çox bu səbəblə bağlı olur. Bəzi hallarda isə ölüm faktı olmasa da, uşaqlar şikəst olur və  bu da sağlamlıq baxışımdan həm cəmiyyət, həm də ailə üçün problem yaradır. Anaya gəldikdə isə, hələ fiziki cəhətdən yetişməmiş, özü uşaq olan necə bətnində 3-4 kq uşaq daşıya bilər? Bu, hələ tam formalaşmamış orqanizm üçün böyük travmadır.
RƏŞAD SULTAN MAMA – GİNEKOLOQ | Azərbaycan Tibb Ensiklopediyası
Rəşad Sultan
Sonuncu ana ölümü faktına baxanda görürük ki, 17 yaşlı ana qeysəriyyə əməliyyatı olub. Araşdırmaq lazımdır ki, ana niyə qeysəriyyə olunub? Hamıya məlumdur ki, qeysəriyyənin özü normal doğuş deyil, onun özü elə travmadır. Qeysəriyyə sonrası anada sonradan ciftin anormal yerləşməsi, qarındaxili yapışmalar müşahidə oluna bilir. Bəzən isə sonradan sonsuzluğa qədər gətirən proseslər baş verir. Hətta qeysəriyyə doğulan körpələr üçün də problem yarada bilir. Ona görə də qeysəriyyə əməliyyatı yalnız ən son çıxılmaz vəziyyətlər zamanı həyata keçirilir".
Həkim bildirdi ki, uşaq yaşda ana olmağın psixoloji travması fizioloji fəsaddan daha ağır olur: “Təsəvvür edin, 15-17 yaşda olan uşağın hamiləliyi, hamiləlik dövründə keçirdiyi hisslər nə olacaq və ondan sonra zahılığı, uşağa baxmaq dövrü necə olacaq? Onsuz da hormonal dəyişikliklər səbəbi ilə zahı qadının psixologiyası alt-üst olur. Zahılıq psixozu deyilən bir anlayış var və uşaq yaşda ana olan şəxs üçün bu risk daha böyükdür. Bu baxımdan erkən, uşaq yaşda ana olmaq qəti yolverilməzdir”.
Mama-ginekoloq bu problemin həll olunmasında maariflənmənin gücünə inanmadığını bildirdi: “Maariflənmə dövlət tərəfindən ümumi siyasətin bir parçası olaraq aparılsa, işə yarıya, effektli bilər. Lakin əgər cəmiyyətdə hələ də sosial media, məhəllə və ya qadın qrupları, məhəllə söhbətləri daha effektli, inandırıcı hesab olunursa, o zaman bizim dediklərimiz bir işə yaramayacaq, sözümüz ucqar kəndlərə, rayonlarda gedib çıxmayacaq. Ona görə də mən daha çox qanunların icra edilməsi ilə bu cür problemlərin çözülməsinə inanıram. Məsələn, dövlətin qanunu var ki, 18 yaş tamam olmadan evlənmək olmaz. Bəs onda niyə bu qanun icra edilmir? Bu qanunu pozanlar niyə cəza almır, həmin uşaqların valideynləri məsuliyyətə cəlb edilmir? Niyə bunlara göz yumulur, sanki qanun  pozuntusu deyil?”
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "gender ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanmışdır. 

Hazırladı: Xalidə Gəray скачать dle 12.1