Bia.Az

İranı dəstəkləyənlərin Ermənistana verdiyi faydalar-Mexanizmin detalları

Cəmiyyət
 11-11-2022, 13:53     172

Azərbaycanda Ermənistanı dəstəkləmək birmənalı şəkildə xəyanətdir, həm qanunvericilikdə, həm də ictimai rəydə. Bu, müzakirə mövzusu belə ola bilməz və sülh müqaviləsi imzalanmadığı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığı, ərazi iddialarından əl çəkmədiyi, münasibətlər sülh çərçivəsində tam normallaşmadığı müddətdə belə də olacaq.

Ermənistanı müdafiə etməyin milli xəyanət olması bilinən gerçəkdir. Bu gün ən pis olan milli maraqlarımıza dolayısı ilə xəyanətin edilməsi, bəzilərinin bilərəkdən, bəzilərinin bilməyərəkdən buna getməsi reallığıdır. Hətta bir çox insan bilmədiyi halda dolayısı yolla Ermənistana dəstək vermiş olur.

Necə?

Bu sualın cavabını xüsusilə bu gün aktual olan İranın molla rejiminin fəaliyyətində tapmaq mümkündür.

Molla rejiminin Azərbaycan da daxil olmaqla regiona din adı altında öz siyasi ideologiyasının ixrac etdiyi, insanların inancından sui-istifadə etdiyi bəlli məsələdir. Azərbaycanda müəyyən kəsim insan molla rejiminin ideologiya təbliğatının əsirinə çevrilməsi də faktdır.

Tehran rejiminə dəstəyin müxtəlif formaları var:

Siyasi dəstək verənlər: bura həm Azərbaycanda hakimiyyətə qarşı olanlar (onlar adətən hakimiyyətə qarşı olan hər kəsi dəstəkləyirlər), həm də mollaların siyasi-dini ideologiyasının tərəfdarları daxildir;

İnformasiya dəstəyi verənlər: bunlar xüsusilə sosial media üzərindən molla rejiminin təbliğatını aparır;

Maliyyə dəstəyi verənlər: bu kəslər hər il molla rejiminə müxtəlif dini adlar altında ianələr (xüms, zəkat və s.) göndərir;

Azərbaycandan bu və ya digər formada dəstək alan İran rejimi isə bunu Ermənistanın maraqları naminə xərcləyir.

Siyasi dəstək

İran Ermənistana siyasi dəstəyini 44 günlük müharibədən sonra açıq müstəviyə keçirdi, son günlər isə bu dəstək geniş şəkildə həyata keçirilir. Ermənistanın sərhədlərini “qırmızı xətt” elan edən molla rejimi Zəngəzur dəhlizi məsələsində İrəvanın əsas dəstəkçisidir. Ermənistan 10 noyabr razılaşmasında Naxçıvana maneəsiz keçidin verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və proseslər göstərir ki, İrəvanın bu “dirənişi”ndə arxalandığı əsas ölkələrdən biri, bəlkə də birincisi İrandır.

Molla rejimi Qafanda baş konsulluq açmaqla da ermənilərə verdiyi dəstəyi əyani şəkildə ortaya qoydu. Alayarımçıq binada tələsik konsulluq açan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxışında bəyan etdi ki, onun ölkəsi “İran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir. Yaşasın Ermənistan, yaşasın İran”. Hətta əlavə etdi ki, “Qafanlılara demək istəyirəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq”.

Bu, Ermənistan sərhədlərini “qırmızı xətt” elan edilməsi siyasətinin daha da inkişaf etdirilməsi, İranın ermənilərin təhlükəsizliyini öz üzərinə götürmək istəyindən xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda “Bismillahi rəhmanir rəhim” sədaları ilə qarşılanması, Rəisinin məscidlərdə donuz saxlayan, İslamı təhqir edən bir ölkənin rəhbərini bağrına basaraq, öpməsi də İranın gerçək simasını açıq şəkildə ortaya çıxarır.

Lakin İranın Ermənistana dəstəyi təkcə sözlə yekunlaşmır.

Hərbi dəstək

44 günlük müharibədə ağır itkilər verən Ermənistanın hərbi arsenalını təchiz etmək üçün üz tutduğu əsas ölkə İrandır. Bu ölkənin rəsmi məlumatında qeyd olunur ki, Ermənistan zərbə PUA-ları almaq üçün İrana müraciət edib. Lakin dronların artıq verildiyi haqda da məlumatlar var. O haqda da informasiyalar var ki, İran Ermənistan ordusunun hərbi təchizatını üzərinə götürməyə hazırlaşır.

Molla rejiminin Arazın sahilində - Azərbaycanla sərhəddə keçirdiyi son hərbi təlimlər də məhz Ermənistanın maraqlarının müdafiə olunması məqsədi daşıyırdı.

Hərbi dəstəyin qarşıdakı dövrdə daha da artacağı gözləntiləri var.

İnformasiya dəstəyi

Molla rejimi hazırda bütün informasiya resursları ilə Ermənistanın maraqlarının müdafiəsini təşkil edir. Bu dəstək həm Qarabağda separatçı-terrorçular, həm Zəngəzur dəhlizi, həm də sərhədin delimitasiyası məsələsində İravanın mövqeyinin dəstəklənməsindən ibarətdir. Buna paralel olaraq, Azərbaycana qarşı total informasiya hücumu təşkil edilir, hətta ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı təhdidlər tirajlanır.

İqtisadi dəstək

Molla rejimi Azərbaycan torpaqları işğalda olan müddətdə işğalçı Ermənistana bütün istiqamətlərdə iqtisadi-maliyyə dəstəyi verib, eyni dəstəyi Qarabağdakı separatçı rejimdən də əsirgəməyiblər. Azərbaycan torpaqlarını azad etdikdən sonra da İrəvana iqtisadi dəstəyi açıq şəkildə davam etdirən molla rejimi separatçılara da “əmmamə altından” yardımlar göndərirdi: Xankəndinə yük daşıyan İran TIR-larının Azərbaycan tərəfindən aşkarlanmasına qədər bu belə davam etdi;

Fakt qarşısında qalan İran rejimi bu dəstəyi dayandırsa da, Ermənistana verdiyi iqtisadi dəstəklə həm də Qarabağdakı separatçıların bəslənilməsinə yardım edir.

Təkcə son günlər İran-Ermənistan arasında iqtisadi anlaşmalar molla rejiminin əli azərbaycanlıların qanına batmış, Azərbaycana qarşı ərazi iddialarını hələ də davam etdirən bir ölkəni necə bəslədiyinin ispatıdır:

İranla Ermənistan arasında qaz və elektrik enerjisinin tədarükü haqqında saziş imzaladı: anlaşmaya görə, molla rejimi elektrik enerjisinin müqabilində Ermənistana qaz tədarükünü iki dəfə artıracaq, bu gündəlik 1 milyon kubmetr qaz ixracının 2 milyona çatdırılması deməkdir;

Tehran rejimi Ermənistanla ticarət dövriyyəsini 3 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir: qarşıdakı 3 il ərzində icra edilməsi planlaşdırılan bu hədəflə yanaşı, mal mübadiləsinin 5 milyona tona çatdırılması, maliyyə, bank və gömrük əlaqələrinin də inkişafı da nəzərdə tutulur;

Yaxın dövrdə İrəvanda İranın 200 şirkətinin iştirakı ilə biznes mərkəzi fəaliyyətə başlayacaq;

Ümumilikdə son bir neçə ayda İranla Ermənistan arasında işgüzar əlaqələrdə 43 faiz artım qeydə alınıb;

Saymaqla bitməyən belə faktlar molla rejiminin qardaş deyib qucaqladığı Ermənistana hərtərəfli dəstəyinin açıq nümunələridir. Dəstəyin ictimaiyyətə açıqlanmayan tərəflərinin olduğu da nəzərə alınmalıdır.

Və bütün bunlar həm də “İrana verilən dəstəyin Ermənistana necə verildiyi”nin mexanizmini ortaya qoyur: molla rejimi azərbaycanlılardan aldığı dəstəyi – siyasi, maliyyə, informasiya və s. – nə din, nə Əhlib-beyt eşqi uğrunda yox, məhz Allahın evini təhqir edən, müsəlmanlara qarşı soyqırımılar həyata keçirmiş bir ölkənin – Ermənistanın bəslənilməsinə, güclənməsinə və Azərbaycana qarşı siyasət aparmasına sərf edir.

Məhz bu mexanizm deməyə əsas verir ki, bu gün Azərbaycanda istər siyasi, istər informasiya, istərsə ianələrlə İrana verilən dəstək Ermənistana verilən dəstək deməkdir. Və bu dəstək Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı milli xəyanətə, Vətəni satmağa bərabərdir./Publika.az/скачать dle 12.1