Bia.Az

Əhali küçələrdə, hökumət təşvişdə: - İran çökür

Dünya
 9-11-2022, 13:32     162

İranın milli valyutası olan tümən dollara nisbətdə son 50 gündə 16 faiz ucuzlaşıb.

DİA.AZ xəbər verir ki, bu barədə “Radio Farda”da İran iqtisadiyyatına dair dərc olunan məqalədə bildirilib. Məlumata görə, ölkədə keçirilən etiraz aksiyalarından əvvəl bir dollar İranda 31 750 tümənə satılıb. İndi isə bu, 510 tümən bahalaşaraq 36 750 tümənə mübadilə olunur. Həmçinin qeyd edilib ki, ölkədə bütün gündəlik tələbat mallarına və ərzaqlara, o cümlədən un, toyuq əti, yumurta, kərə və duru yağa tətbiq edilən güzəştlər ləğv edilib. Görünən odur ki, onsuz da çətin vəziyyətdə olan İran iqtisadiyyatı sanksiyalar və sosial problemlər fonunda uzun müddət tab gətirə bilməyəcək.

Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Elşən Bağırzadə bildirib ki, İranın dövlət maliyyəsi ciddi sıxıntı içindədir:

"İran iqtisadiyyatı karbohidrogen resurslarının - neft və qaz - hasilatına, kənd təsərrüfatı və xidmətlər sektoruna əsaslanan iqtisadiyyatdır. İqtisadiyyatın azı 60%-i dövlət tərəfindən idarə olunur, əsas ixrac gəlirləri də neft və qaz satışından gəlir. Sanksiyalar, qlobal qida inflyasiyası və iqlim dəyişikliyinin doğurduğu problemlər İran iqtisadiyyatı üçün əsas təhdidlər idi. İndi bunların sırasına əhalinin üsyanı da əlavə olundu. Bunlar İranda iqtisadi artım üzərində ciddi neqativ təsirlər yaradır. Ancaq hazırda vəziyyəti bir qədər yüngülləşdirən neft və qazın dünya bazar qiymətinin yüksək olmasıdır. Buna baxmayaraq, dövlət maliyyəsi ciddi sıxıntı içindədir. Mövcud subsidiyaları da məhdudlaşdırmağa çalışırlar. Bir tərəfdən də ölkədə çox yüksək səviyyələrdə iflyasiya mövcuddur".

Ekspert qeyd edib ki, İranın sanksiyalar səbəbindən uzaq ölkələrlə ticarət imkanları məhduddur:

"Əsas ticarəti Çinlə və qonşu ölkələrlədir. Bu ticarətdə də sanksiyalardan yayınmaq üçün müxtəlif yollara əl atır. Ən böyük ixrac bazarı olan Çində də bir qədər fərqli proseslər gedir. Rusiya Çinə ucuz neft təklif etdiyindən, bu, İranın Çinə neft ixracına da mənfi təsir göstərəcəkdir. Bütün bunların fonunda İran ixrac məhsullarının rəqabətliliyini artırmaq məqsədilə vaxtaşırı milli pulunu dəyərdən salır. Ötən ay Dünya Bankı 2023-cü il üçün İranın iqtisadi artım proqnozunu 3,7%-dən 2,9%-ə çəkdi. Ancaq düşünürəm ki, üsyanlar davam edərsə, bu göstəricilər daha da pisləşəcək. Çünkü hazırda İranda əhali küçələrdə olduğundan satışlar, xüsusilə pərakəndə satışlar xeyli azalıb. İnternet də məhdudlaşdırıldığından kiçik biznesin əhəmiyyətli hissəsi bu platforma vasitəsilə sifarişlər ala və ya satışlar həyata keçirə bilmir, istehlakçılar rejimə dəstək verən böyük biznes subyektlərini boykot etməyə başlayıblar. Ölkə qaz hasilatında da müəyyən texnoloji problemlərlə üzləşib və.s. Bütün bunlara əlavə olaraq da İran əsas ticarət-iqtisadi tərəfdaşı olan qonşu ölkələrlə də münasibətləri korlayacaq addımlar atır. Bütün bunlar İran iqtisadiyyatı üçün yaxın dövrdə yaxşı heç nə vəd etmir".
скачать dle 12.1