Bia.Az

“ƏYANLAR PİSDİR, MÜHARİBƏNİ BAŞLAYAN “ÇAR” İSƏ YAXŞI...” – “Rusiyanı qudurmuş kriminallara təslim edirsiniz”

Gündəm
 8-11-2022, 12:14     262

Rusiya cəmiyyətində Kremlin Ukraynada apardığı işğalçılıq müharibəsinə qarşı narazılıqlar artmaqda davam edir. Kreml hər nə qədər repressiyalara əl atsa da, etiraz səslərini tam boğmağa müvəffəq ola bilmir.

“AzPolitika.info” xəbər verir ki, mərhum Boris Nemtsovun silahdaşlarından sayılan tanınmış rusiyalı müxalifətçi, “Həmrəylik” hərəkatının Siyasi Şurasının sədri İlya Yaşin ötən gün Moskva şəhər Basmannı məhkəməsindəki çıxışında Kremli və ümumilikdə Rusiya hüquq sistemini ifşa edən ittihamlar səsləndirib.

“Rusiya ordusu barədə yalan və böhtan xarakterli məlumatlar yaydığına görə” 4 ay əvvəl həbsə atılan və dünənki məhkəmənin hökmü ilə həbs müddəti uzadılan Yaşinin çıxışı Rusiya mətbuatında və sosial şəbəkələrdə geniş marağa səbəb olub.
Bu çıxış, ümumilikdə rus cəmiyyətinin və onun hakimiyyət iyerarxiyasının, eləcə də hüquq-mühafizə və məhkəmə sisteminin bugünkü real vəziyyətini əks etdirdiyindən, onu qısa ixtisarlarla nəzərinizə çatdırırıq:

“Cənab hakimlər, prokuror, müstəntiq! Artıq 4 aydır ki, məni həbsxanada saxlayırsınız. Sanki həbs olunduğum uzun müddət deyil, ancaq görün bu vaxt ərzində nə qədər dəyişikliklər baş verib. Hələ yayda ordu rəhbərliyinin hər hansı bir tənqidi kriminala bərabər tutulurdu. Nəinki tənqid, generalların qüsursuzluğuna dair şübhə belə sizi dəmur barmaqlıqlar araxsına sala bilərdi. Şoyqunun, Konoşenkovun hər bir bəyanatı həqiqətin son instansiyası kimi təqdim olunurdu, bununla razılaşmamaq isə dövləti cinayətə bərabər tutulurdu.
Bəs, indi nə görürük? Dövlət Dumasındakı “Vahid Rusiya”lı deputatlar Müdafə Nazirliyini yalanda və korrupsiyada ittiham edirlər. Özünü silahlı “zeklər”lə əhatə etmiş Priqojin Rusiya ordusunu təhqir edir və onun komandanlığını ələ salır. Kadırov generalları “kütbeyin” adlandırır və həyasızcasına onlara necə döyüşməyi öyrədir. Teleefirdəki təbliğatçılar isə Baş Qərargahda satqınların yer almasına eyham vururlar.
Əlbəttə, başa düşürəm ki, bütün bu çığırtının məqsədi Putini qorumaqdır. Cəmiyyətə izah etmək istəyirlər ki, cəbhədəki çöküşün günahkarı Ali Baş Komandan deyil, onu sadəcə, tabeliyində olan bacarıqsızlar çətin vəziyyətə salırlar. Həmişəki kimi, əyanlar pisdir, müharibəni başlayan “Çar” isə yaxşı... Sualım istintaq orqanlarının və prokurorluğun nümayəndələrinədir. Söyləyin, yaxşı cənablar, bəs hanı sizin hərbi senzura qanunlarınız? Siz məni ona görə həbsə atmısınız ki, Müdafiə Nazirliyinin Ukraynadakı müharibə barədə məlumatlarını şübhə altına almışam. Ancaq sizin nədənsə Priqojinə və Kadırova iradınız yoxdur, hansı ki, onlar bir o qalır ki, generalları ayaq yollarını diş fırçası ilə təmizləməyə vadar etsinlər. Nədir, dizləriniz əsir? Başa düşürəm.
Mənim silahım sözdür. İctimai rəy və siyasətin məhv edildiyi ölkədə söz sizin üçün qorxulu deyil. Ancaq Kadırovun başkəsənlərindən və Priqojinin quldurlarından qorxursunuz...
Sizin üçün müharibə əleyhinə çıxan tələbələri, bələdiyyə deputatlarını, jurnalistləri həbs etmək asandır. Bu, əlbəttə ki, ölkəmizin gələcəyinə təhlükə yaradan özəl orduların sahiblərinə qarşı çıxmaqdan daha təhlükəsizdir. Ancaq sizə elə gəlmirmi ki, bu qorxaqlığınız mahiyyət etibarilə vətənə xəyanətdən heç nəylə seçilmir? Doğrudanmı anlamırsınız ki, Rusiyanı bizim gözlərimiz önündə dövlət hakimiyyətinə calaq olunan qudurmuş kriminallara təslim edirsiniz? Danışıb qurtaran kimi, məni yenidən həbsxanaya göndərəcək məhkəməyə də sual vermək istəyirəm. Qara, uzun mantiyanızı geyinərək, sizə “möhtərəm hakim”, “sizin şərəfiniz” deyə müraciət etməyimizi istəyirsiniz. Bəs, hanı o şərəf? Söyləyin, siz özünüz özünüzə hörmət edirsinizmi? Doğrudanmı anlamırsınız ki, ölkəmizin bütün bəlaları ondan irəli gəlir ki, hakimlər müstəqil olmağa cəhd belə etmirlər. Niyə heç bir müqavimət göstərmədən Kremlin siyasi qulluqçusu olmaqla barışmısınız?...
Günahsız insanları həbs etməklə, sadəcə korrupsiyalaşmış siyasətçilərə və güc strukturlarına xidmət etmirsiniz. Siz onlara, ilk növbədə də Prezident Putinə cəzasızlıq və tam özbaşınalıq hissi qazandırırsınız. Məhz bu təəssürat bizim ölkəmizi qanlı müharibəyə və on minlərlə qurbanlar verməyə gətirib çıxardı”. Qeyd edək ki, Ukraynadakı müharibəyə, Buçadakı qətliama və digər cinayətlərə görə Kremli sərt tənqid etdiyi üçün iyulun 13-də həbs edilən İlya Yaşinin bütün məhkəmələri qapalı keçirilir.скачать dle 12.1