Bia.Az

Məktəblərdə təhlükəsizlik problemi, ağır çantalar... – Deputatlar narahatdırlar

Cəmiyyət
 4-11-2022, 14:59     170

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclasın gündəliyinə iki məsələ - “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) və Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “ Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxil edilib.

Komitə üzvləri layihələrlə bağlı fikirlərini bildiriblər. Deputat Musa Qasımlı bildirib ki, “Elektron imza və elektron sənəd haqqında” qanun layihəsi ucqar kəndlərdə belə internetin əlçatanlığını təmin edəcək: “Bu qanunun icrasından sonra vətəndaşlarımızın dövlət orqanlarında uzun müddət növbə gözləməsinə ehtiyac olmayacaq”.

“Görülən işlərin hamısı vətəndaşlarımız üçündür. Bundan sonra ümid edirik ki, ölkə üzrə internet problemi həll olunacaq. İnternetin əlçatanlığı təhsil sahəsində də müsbət təsirlərini göstərəcək. Bununla da müştəri məmnuniyyəti yaranacaq. Dövlətin əsas görmək istədiyi vətəndaşın tələblərini məmnunluqla etməkdir”.

Deputatların narahatlığına komitə sədrindən reaksiya: “Ehtiyac yoxdur”

Deputat Etibar Əliyev isə məktəblərdəki təhlükəsizlik məsələsindən narahatlığını bildirib. Millət vəkili qeyd edib ki, məktəblərin mühafizə olunması mütləqdir: “Amma məktəblərə gedəndə biz bunu görə bilmirik. Mühafizəçilərə pul verilir, lakin biz şagirdlərin təhlükəsizliyi məsələsinə diqqət yetirildiyinin şahidi olmuruq”.

“Şagird dərs vaxtı məktəbdən çölə çıxanda onun təhlükəsizliyinə kim zəmanət verir? Hesab edirəm ki, problem həllini tapmalıdır”, - deyə deputat vurğulayıb.

Deputat Ceyhun Məmmədov da eyni fikirdədir. Millət vəkili qeyd edib ki, məktəblərin təhlükəsizliyi məsələsi önəmlidir: “Digər məsələ məktəblərin mühafizəsidir. Bu yaxınlarda məktəblərdə olan hadisələr bunu bir daha sübut edir ki, məktəblərimizin mühafizəsinə diqqət yetirilməlidir. Belə hadisələrin olmaması üçün məktəblərdə nəzarət güclənməlidir”.

Komitə sədri Bəxtiyar Əliyev isə fərqli fikirdədir. Onun sözlərinə görə, məktəblərin qorunmasına o qədər də ehtiyac yoxdur: “Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərinin ilk üçlüyündədir. Ona görə də məktəblərimizin o qədər də qorunmasına ehtiyac yoxdur. Amma məktəblərdə nizam-intizamın qorunmasına diqqət yetirilməlidir”.

“Valideyn övladının məktəbə yola salır və övladı 6-7 saat orada olursa...”

“Bu gün məktəblərdə çalışan təlim-tərbiyə işləri üzrə direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər. Onlar sadəcə kabinetlərində oturub, sənəd işlərini görməklə işlərini yekunlaşmış sayırlar. Buna son qoyulmalıdır”, - deyə müzakirəyə qoşulan deputat Kamilə Əliyeva bildirib ki, direktor müavinləri daim məktəbin dəhlizində olmalı, təhsil müəssisəsinin daxilində baş verən prosesləri izləməlidir.

“Son zamanlar məktəb daxilində bir sıra xoşagəlməz halların baş verdiyinin şahidi oluruq. Bunun qarşısının alınması məktəb rəhbərliyinin vəzifəsidir. Direktor və müavinləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər. Valideyn övladının məktəbə yola salır və övladı 6-7 saat orada olursa, deməli, məktəb daxilində baş verən bütün hadisələrə məktəb rəhbərliyi cavabdehdir”, - deyə Əliyeva vurğulayıb.

Deputat əlavə edib ki, valideyn adı ilə məktəbə daxil olmaq istəyənlər olur: “Bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün məktəb daxilində ciddi nəzarət olmalıdır”.

Deputat: “Bir kişi rahat şəkildə məktəbə girir, sonra uşaq da onunla gedir...”

Deputat Tamam Cəfərova da məktəblərdə baş verənlərdən narahatlıq ifadə edib: “Məktəblərdə baş verən son neqativ hadisələr göstərir ki, maarifləndirmə işinə ciddi ehtiyac var. Beşinci sinifdə oxuyan uşaq bilməlidir ki, tanımadığı bir kişi ilə harasa getmək olmaz”.

“Uşaqların yaşına uyğun cinsi tərbiyə olmalıdır. Bu gün internet üzərindən uşaqların seksual istismarı təhlükəsi var. Məktəbdə olan hadisədə görürük ki, bir kişi rahat şəkildə məktəbə girir, sonra uşaq da onunla gedir. Həmin uşaq o kişi ilə niyə getməlidir? Maarifləndirmə olarsa, belə hallar baş verməz”, - deyə deputat vurğulayıb.

“Azyaşlılar arasında bu xəstəliyin yaranmasının başlıca səbəblərindən biri də məktəbli çantalarının çox ağır olmasıdır”

“Bu gün ibtidai sinif şagirdləri arasında skalioz xəstəliyi artıb və bu da çətin müalicə edilir. Azyaşlılar arasında bu xəstəliyin yaranmasının başlıca səbəblərindən biri də məktəbli çantalarının çox ağır olmasıdır”, - deyə çıxış edən deputat Fatma Yıldırım ağır məktəbli çantası probleminə diqqət çəkib.

Millət vəkilinin sözlərinə görə, bir sıra qabaqcıl dövlətlərdə ibtidai siniflər üçün hazırlanan kitablar iki nüsxəli olur: “Bu, əlbəttə, uşağın qaldıracağı yükü azaltmış olur. Düşünürəm ki, bu ciddi problemlə bağlı tədbir görülməlidir”.

"Başqa problemlərdən biri də regionlarda bu xəstəliyi müalicə edən ixtisaslı kadrların olmamasıdır. Ona görə də vətəndaşlarımız Bakıya gəlməyə məcbur olurlar. Buna da bəzilərinin imkanı çatır, bəzilərinin yox”, - deputat vurğulayıb.

Komitə sədri B.Əliyev qaldırılan məsələnin aktual olduğunu, təkliflər hazırlayıb komitəyə təqdim etməyi məsləhət görüb.

“Deputatların qaldırdıqları məsələ ilə razıyam. Ona görə də məktəblərdəki neqativ hallarla bağlı komitədə dinləmə keçirəcəyik”, - deyə komitə sədri deyib.

B.Əliyev bildirib ki, digər diqqət yetirilən məsələ isə qanunvericiliyin təkmilləşdirilməsidir: “Cəmiyyəti narahat edən məktəblərdəki vəziyyətlə bağlı lazım olarsa, qanunvericiliyi təkmilləşdirəcəyik. Bu barədə müzakirə aparılacaq. Məktəblərdə olan son hallar diqqət mərkəzindədir”.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
//ayna//скачать dle 12.1