Arxiv

Oxunub:210 / 28 yan 11:06siyaset

Milli Məclisdə qalmaqallı qanun gərgin müzakirə olundu



Milli Məclisdə qalmaqallı qanun gərgin müzakirə olundu

İsa Həbibbəyli: "Magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək istəyən magistrlərin sayından azı 3 dəfə azdır"

"Azərbaycanda hazırda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından ən azı 3 dəfə azdır".
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib. O bildirib ki, magistraturanı bitirən məzunların 25-30 faizi doktoranturada təhsil almaq üçün sənəd verir: “Məzunların təxminən 70 faizi elmi fəaliyyətlərini davam etdirmək üçün doktoranturaya gəlmirlər. Magistraturanın əsas məqsədi elmi fəaliyyəti və elmi-pedaqoji fəaliyyəti davam etdirməklə bağlıdır. Hazırda isə buna münasibət müxtəlifdir. Magistrlərin əksəriyyəti dövlət qulluğunda işlə təmin olunurlar. Biz magistrantların dövlət qulluğunda işlə təmin olunmasının əleyhinə deyilik. Amma indiki halda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından ən azı 3 dəfə azdır. Magistraturanı bitirən məzunların dövlət qulluğuna daxil olması AMEA, Təhsil Nazirliyi və ali məktəblərin gənc kadrları işə cəlb etməsinə müəyyən qədər maneə yaradır. Ona görə də layihədə gələcəkdə magistratura üzrə təhsilin iki istiqamət - ixtisas və tədqiqat magistraturası üzrə təşkili təklif edilir”.
İ. Həbibbəyli qeyd edib ki, ixtisas magistraturasında oxuyanlar bakalavr səviyyəsində ixtisasları üzrə aldıqları biliklərini magistratura səviyyəsində daha da artıracaqlar və bakalavrdan daha üstün mütəxəssis olacaqlar. Tədqiqat magistraturasıni bitirənlər isə elmi tədqiqat işi və elmi pedaqoji fəaliyyətlə məşğul ola, doktoranturaya sənəd verə bilərlər.
Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev isə bildirib ki, ixtisas magistraturasını bitirənlər elmi fəaliyyətlə məşğul ola bilməzlər: “Bu, onların sonradan elmi fəaliyyətlə məşğul olma istəklərini reallaşdırmağa imkan verməyəcək. Bu, düzgün deyil”.
H.İsgəndərov