Bia.Az

Görkəmli Azərbaycan memarının ailə üzvləri Prezidentə təşəkkür etdilər

Siyasət
 4-11-2022, 11:05     282

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarının görkəmli Azərbaycan memarları, eyni zamanda elmi-pedaqoji və ictimai fəaliyyətləri ilə tanınan, AMEA-nın təsisçilərindən və ilk həqiqi üzvlərindən olan akademik Mikayıl Useynov və akademik Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında 08.10.2022-ci il tarixli Sərəncamı respublikanın elmi-mədəni içtimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. XX əsr Azərbaycan peşəkar memarlıq məktəbinin baniləri olan hər iki sənətkar Bakı şəhərində və ümumilikdə respublikada nəhəng memarlıq abidələrinin müəllifləri kimi ölkəmizin əsrlər boyu yaşayan memarlıq sənətinə yeni bir ruh vermişlər.

BİA.az-a ailə üzvlərinin verdiyi məlumata görə, bu iki memar yalnız həmkar və həmdost deyil, həm də qohum olmuşlar. S.Dadaşov M.Useynovun bacısı ilə evli olmuşdur. M.Useynovun 200-ə yaxın layihəsi həyata keçirilmişdir ki, bu layihələr üzrə yaşayış, inzibati, mehmanxana, nəqliyyat və s. binalar Moskva, Düşənbə, Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Azərbaycanın müxtəlif şəhərlərində inşa edilmişdir. Bakıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin binası, Azərbaycan Dövlət Konservatoriyası, Respublika Dövlət Kitabxanası, Elmlər Akademiyasının binaları kompleksi, Nizami adına Ədəbiyyat Muzeyi, bir sıra metropoliten stansiyaları, şəhərin ən iri mehmanxana-restoran kompleksləri və s. tikililər Azərbaycan paytaxtını indi də gözəlləşdirməkdədir. Qeyd edək ki, 1946-cı ilə qədər həyata keçirilmiş layihələr həmin il vəfat etmiş akademik Sadıq Dadaşovla birgə hazırlanmışdır. Onların yaradıcılığı, şübhəsiz ki, XX əsr Azərbaycan memarlığının inkişafına həlledici təsir göstərmişdir.

1992-ci ildə Mikayıl Useynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradılmış və həmin qurumun ilk prezidenti alim özü olmuşdur. M.Useynovun yaradıcılığı təkcə respublikamızda deyil, beynəlxalq sənət aləmində də böyük nüfuz qazanmışdır. Təsadüfi deyil ki, o, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, İranın Müasir Memarlıq Daimi Konqresinin vitse-prezidenti və s. beynəlxalq təşkilatların üzvü, 1985-ci ildə Londonda fəaliyyət göstərən Kral Asiya Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Dünya şöhrətli memar, alim-pedaqoq akademik 1970-ci ildə Ulu Öndərin təqdimatı ilə M.Useynov SSRİ Xalq memarı fəxri adına layiq görülmüşdür.

Akademik Mikayıl Useynov 7 oktyabr 1992-ci ildə Bakı şəhərində vəfat etmiş, akademik Sadıq Dadaşov kimi o da I Fəxri xiyabanda dəfn edilmişdir.

Milli-mənəvi dəyərlərimizə qiymət verdiyinə, qlobal problemlərin həllindən vaxt ayırıb qabaqcıl ziyalıların, o cümlədən Mikayil Useynovun xatirəsini yaşatdığına və əziz tutduğuna görə bütün Useynovlar ailəsinin adından ailənin ağbirçəyi kimi Səidə xanım Useynova və  qızı Tubuxanım  Qasımzadə Möhtərəm cənab Prezidentə dərin təşəkkür və minnətdarlıq hissini ifadə edir, Azərbaycan ziyalıları zümrəsinin nümayəndələri olaraq, hər zaman Prezidentin siyasi kursunu dəstəklədiklərini bildirirlər.

BİA.az
скачать dle 12.1