Bia.Az

Cəmşidinin qəzəb şəmşiri -Hörmüz boğazındakı adaların İranın boğazında qalması

Gündəm
 2-11-2022, 00:55     278

Tvitter sosial şəbəkəsində İran İslam Respublikasının Prezident Administrasiyasının nümayəndəsi Məhəmməd Cəmşidinin bir postu yayılıb.

Qeydlərin ana dilimizə tərcüməsi aşağıdakı kimidir:\

“İran İslam Respublikası Azərbaycana məxsus islam torpaqlarının işğaldan azad olunmasını və geri qaytarılmasını alqışlayıb və dəstəkləyib. İndi, ərazilərin işğaldan azad olunması həyata keçirildikdən sonra istənilən yeni ərazilərin zəbt olunması işğaldır”.
1112.JPG (55 KB)
İlk baxışdan PA nümayəndəsi neytral ifadə işlədir, hər hansı işğala qarşıdır. Amma bir az dərinə varanda onun qəzəb şəmşiri (qılıncı) qurşadığı ortaya çıxır...
Birincisi, postda qeyd olunan “islam torpaqları” ifadəsinə baxaq. Torpağın dini mənsubiyyəti (xristian, yəhudi, buddist) olmur və ola bilməz. Torpaq, sadəcə, torpaqdır, sənindirsə, vətəndir, sənin deyilsə, qürbətdir – o da ya dost məkanıdır, ya da yad eldir.
İkincisi, ermənilər Azərbaycan torpağını dini motivlə yox, sırf ərazi qoparmaq, öz dövlətlərini böyütmək üçün tutmuşdilar.
Üçüncüsü, bəs nə əcəb iranlı rəsmilər – prezident postu tutan 6 şəxs və onların başçılıq etdiyi administrasiyanın sözçüləri, eləcə də xarici işlər nazirləri bu 28 ildə həmin o “islam torpaqları”nın xristian ermənilərin işğalında qalmasına dözdülər, nə şifahi etiraz etdilər, nə yazılı bəyanat verdilər? Hətta tam əksinə, onlar o torpaqların üstündə ermənilərlə birgə əkin-biçin apardılar, bənd tikdilər, yol çəkdilər və s. işlər gördülər.

Cəmşidinin yazısının ikinci hissəsi isə sırf Azərbaycanın bostanına daş atmaqdır. Prezident Adminstrasiyasının nümayəndəsi “istənilən yeni ərazilərin zəbt olunması işğaldır” deyərkən, sentyabrın 13-14-də Cermuk-Kəlbəcər istiqamətində baş verən hərbi toqquşmanı, ondan sonra delimitasiya və demarkasiya olunmamış dərə-təpələrdə olan erməni postlarının geri çəkilməsini, postlarımıza qarşı təxribat törətmək imkanlarının məhdudlaşmasını nəzərdə tutur.
Без названия.jpg (12 KB)
O nahiyədə nə bir şəhər, nə bir kənd, nə də adi ferma işğal edilməyib, amma Cəmşidi “yeni ərazilərin zəbti”ndən danışır. Bunu o şəxs deyir ki, yuxarıda dediyimiz kimi, təmsil etdiyi dövlət Azərbaycanın 30-dan çox şəhər və qəsəbəsinin, 900-dən çox kəndinin işğalından danışmırdı.
Bu fikirlər onu göstərir ki, artıq İran rəsmiləri açıq-aşkar ermənilərin tərəfində yer alır, öz məkrli siyasətlərinin istiqamətini açıq göstərir, ölkəmizə qarşı düşmənçilik aparırlar.
Bu məsələnin daha bir məqamı çomağın ikinci başının olmasıdır.
O da bundan ibarətdir ki, İranın özü Birləşmiş Ərəb Əmirliklərinin 3 adasını işğal etməkdə ittiham olunur.
222.JPG (29 KB)
Ötən ayın 25-də BƏƏ Fars (başqa adıyla Ərəb) körfəzində İran tərəfindən son 50 il ərzində qanunsuz şəkildə işğal edilmiş 3 adasının geri qaytarılmasını tələb edib. Bu barədə BƏƏ-nin beynəlxalq əməkdaşlıq məsələləri üzrə naziri xanım Rim əl-Haşimi BMT Təhlükəsizlik Şurasının 77-ci sessiyasında ümumi müzakirələrdən əvvəlki çıxışında deyib. O bildirib ki, bu adaların İran tərəfindən zəbt olunması BƏƏ-nin suverenliyinin pozulmasıdır.
BƏƏ-nin İran tərəfindən işğal olunan adaları bunlardır: Böyük Tomba, Kiçik Tomba və Əbu Musa.
Birləşmiş Əmirliklərin iddiasına görə, İran həmin adaları 1971-ci ildə, Böyük Britaniya qoşunları adaları tərk etdikdən dərhal sonra işğal edib. Həmin adalar Ərəb və Oman körfəzləri arasındakı Hörmüz boğazında yerləşir.
55.JPG (37 KB)
                                   BƏƏ-li nazir Rim əl-Haşimi
Ancaq İran tərəfi 50 ildir ki, BƏƏ-nin tələblərinə məhəl qoymur, onlara cavab vermir. Problem il-ildən böyüyür və artıq beynəlxalq məhkəmələrin baxış predmeti olmaqdadır.
Ona görə də yaxşı olar ki, bu gün əkinə-biçinə yaramayan dağ-daşda iki postun yerdəyişməsindən narahat olan İran işğal etdiyi adalara görə beynəlxalq məhkəmələrə çəkilməsinə səbəb olan problemi həll etsin. Çünki BƏƏ-nin ərəb ölkələrindən olan müttəfiqləri əvvəl-axır bu problemi hansısa yolla həll etməyə çalışacaqlar./Musavat.com/скачать dle 12.1