Bia.Az

Kreml Qarabağda yeni oyun qurur – Rus səfir işarə etdi

Siyasət
 1-11-2022, 16:26     193

Ötən gün təxminən eyni saatda baş verən iki hadisə yəqin ki, təsadüf deyil: Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya lideri Putinlə Soçidəki görüşündə onun “Valday” diskussiya klubundakı çıxışını, sülh sazişi ilə bağlı ermənilərin təkliflərinin əsas götürüləcəyini xatırlatdı və dolayısı ilə sözünü tutması lazım gəldiyini bildirdi, həmin ərəfədə isə Ermənistan parlamenti Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı ünsürlərə dövlət büdcəsindən vəsait ayrılmasını müzakirəyə çıxardı.

Ermənistan maliyyə nazirinin müavini Vaqe Ovannisyan 24 oktyabrda Qarabağdakı separatçılara 360 milyon dollar vəsait ayrılacağını açıqlamışdı. Ötən gün isə maliyyə naziri Tiqran Xaçatryan 2023-cü ildə də 2022-ci ildəki qədər, yəni 144 milyard dram (təxminən 288 milyon dollar) ayrılacağını bildirdi.
Ermənistan 288 milyon dollardan əlavə ötən il ərzində 40 milyon dollar da ayırmışdı, Xaçatryan 2023-cü ildə də əlavə ayırmaların ola biləcəyini istisna etmədi.
Beləliklə, Xaçatryan müavininin ağzından qaçırdığı sözlərini təkzib etməyə çalışsa da, ümumilikdə Ermənistanın 2023-cü ildə Qarabağdakı separatçılara ayıracağı vəsaitin 360 milyona çatacağı gözlənilir.
Putinin “Valday” diskussiya klubunda “Vaşinqton variantı”na toxunması və bu “variant”da Qarabağın tam şəkildə Azərbaycanın ərazi vahidi kimi tanınmasının nəzərdə tutulmasını bildirərək, “Moskva variantı”nda ermənilərin istəklərinin nəzərə alınmasının mümkünlüyünü bildirməsi, ardınca Paşinyanın Soçi görüşündə Putindən söz verdiyi “fərqli yanaşmanı” tələb etməsi, Ermənistan parlamentində Qarabağ separatçılarına ayrılan vəsaitin müzakirəsi, bu gün isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Qarabağın statusu məsələsi bütün tərəflər üçün məqbul ədalətli həllə şərait yaradılandan sonra gələcək nəsillərin öhdəsinə buraxılmalıdır” kimi qeyri-konstruktiv və ermənipərəst yanaşma nümayiş etdirməsi proseslərin fərqli istiqamət aldığını düşünməyə əsas verir.
Ermənistanın 2023-cü il üçün “büdcə xərclərinə” Qarabağ separatçılarına külli miqdarda vəsait ayrılmasının daxil edilməsi əlbəttə ki, Rusiyaya arxayınlıqdan doğur. Əgər bir neçə həftə öncə Ermənistan Baş naziri Paşinyan “hazırda əsas məsələ Ermənistanın 29,8 min kv.km ərazisinin qorunması və təhlükəsizliyidir” deyib, Qarabağ məsələsinin artıq tarixə çevrildiyinə işarə edirdisə, Putinin “Valday”dakı sözündən sonra iddiaları və ritorikası dəyişib.
Azərbaycan Qarabağ münaqişəsinin başa çatdığını dediyi halda Xankəndidə necə böyük bir aksiya keçirilir və ora Ermənistandan minlərlə insan Laçın dəhlizindən hansı məntiqlə keçirilərək gətirilir?
Laçın dəhlizindən “təyinatı üzrə” istifadə edilmədiyi barədə Azərbaycan bir müddət öncə rəsmi şəkildə etirazını bildirmişdi. Amma Rusiya sülhməramlıları yenə də öz işindədir.
Moskvanın Xankəndiyə göndərdiyi rusiyalı milyarder Ruben Vardanyan da bu gün “dövlət naziri” kimi fəaliyyətə başlayır: bu, o şəxsdir ki, Xankəndidəki 30 oktyabr mitinqinin izdihamlı alınması üçün milyonlarla vəsait xərcləmişdi, Ermənistandan mitinqə qatılacaq hər şəxsə 50 dollar paylamışdı və s.
Rusiya bir tərəfdən Ermənistanın Qarabağ iddialarından əl çəkməsinin qarşısını alır, bir tərəfdən rusiyalı milyarderi Qarabağdakı erməniləri “aktivləşdirmək” üçün göndərir, ona külli miqdarda pul xərclətdirir, onu separatçıların ikinci adamı və faktiki rəhbəri edir, digər tərəfdən İrəvanın iddialarını genişləndirir.
“Qarabağ münaqişəsi” Rusiyanın Ermənistanı öz təsir dairəsində saxlaması üçün əsas alətdir və Kreml buna görə İrəvana Qarabağdan imtina etməyə imkan vermir. Qarabağın Azərbaycanın tərkibində olmasına imza atmaqla Ermənistan Rusiyanın əhəmiyyətli təsirindən qurtulacaq və onun artıq Qərbə istiqamətlənməsinin qarşısını almaq mümkün olmayacaq. Ona görə Putinin işarəsini Ermənistandakı səfir Kopırkin açıq şəkildə ifadə etdi: gələcək nəsillərə saxlanılmalıdır!
Niyə? Hansı əsasla “Qarabağ münaqişəsi” adlı artıq tarixə çevrilən konflikti yenidən körükləyib gələcək nəsillərə saxlanılması kimi məkrli siyasətə Azərbaycan dözməlidir?
Ermənistanın Qarabağdakı bir ovuc erməniyə 288 milyon dollar ayrılmasının da arxasında Rusiyanın dayandığına heç bir şübhə yoxdur – bu vəsait Vardanyana yüklənən xərcləri azaltmağa hesablanıb.
Ancaq məsələ həm də bu vəsaitin ildən-ilə artmasındadır: 2021-ci ildə 240 milyon, 2022-ci ildə 288 milyon+40 milyon, indi isə yenə rəsmi 288, əlavə 70 milyon… 33 minlik əhali üçün 360 milyon dollar çox deyilmi?
Müqayisə üçün deyək ki, bu vəsait 350 minlik Naxçıvanın büdcəsinə bərabərdir. Bəs, 10 dəfə az əhaliyə, həm də başqa ölkənin ərazisində yaşayan icmaya bu pul niyə verilir?
Xaçatryan parlamentdə çıxışı zamanı bildirdi ki, infrastruktur xərcləri azaldığı üçün bu vəsaitin əhəmiyyətli hissəsi “başqa məqsədlərə” sərf oluna bilər, üstəlik, o, diasporun ayıracağı vəsaitlərin də “digər məqsədlərə” sərf olunacağını qeyd etdi.
Bu “məqsədlərə” Qarabağdakı separatçıların, eyni zamanda Qarabağda hələ də saxlanılan erməni hərbi birliklərinin silahlanmasının daxil edildiyi ehtimalı həddən artıq yüksəkdir.
Sanki “gələcəyə saxlanılması üçün” münaqişənin yenidən qızışdırılması ssenarisidir: çoxminli aksiyalar, “müqəddəratını həll etmək”, “hüquqlarını” qorumaq, külli miqdarda vəsait və silahlanmaq!
30 il əvvəlki kimi rus ordusu da “hami” rolundadır…скачать dle 12.1