Bia.Az

“AZƏRBAYCANIN 48-72 SAAT VAXTI OLACAQ...” – “Qarşıdakı bir il bizim üçün kritik sayıla bilər”

Gündəm
 31-10-2022, 15:03     291

Rusiyanın öz imzasına və sözünə sadiq ölkə olmadığı yeni məsələ deyil. Son günlər Rusiyada Azərbaycana qarşı kampaniya başladılması, Qarabağdakı separatçılara açıq dəstək verilməsi, Putinin “Valday”dakı son çıxışında söylədikləri bunu bir daha ortaya qoydu. Ancaq indiki şəraitdə Bakının öz milli maraqlarımızdan geri çəkilməyəcəyi, sona qədər gedəcəyi də açıq hiss edilir. Bu isə o deməkdir ki, sivil dünyadan təcrid edilən Rusiyanın bu davranışları Azərbaycanla münasibətlərin kəskinləşməsi ilə müşayiət oluna və bu da Moskva-Ankara münasibətlərində dərin mənfi iz buraxa bilər.

“AzPolitika.info” bu mövzunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik sahəsi üzrə mütəxəssis Sülhdəddin Əkbərlə müzakirə edib.

- Sülhəddin bəy, Rusiya kanallarında anti-Azərbaycan kampaniyası, bəzi rus deputat və ekspertlərin Qarabağ məsələsində əndazəni aşan ermənipərəst və imperiyaçı fikirləri səbəbindən Bakı Moskvaya nota təqdim etdi. Bunun ardınca “Valday” klubunda Putinin Azərbaycan üçün qəbuledilməz mövqeyinin şahidi olduq. Siz də iki ay əvvəl proqnoz edirdiniz ki, Moskva-Bakı münasibətlərində gərginlik yaşanacaq. Hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?
- Baş verən hadisələr, Azərbaycan-Rusiya münasibətlərinin durumu dünyada və regionda gedən proseslərin məntiqi nəticəsidir. Qeyd etdiyiniz kimi, biz bunu proqnozlaşdırırdıq. Əlbəttə, hadisələrin inkişafının bəlli mərhələsində Rusiya-Azərbaycan münasibətlərinin gerçək durumu üzə çıxacaqdı. Yəni, artıq manevr imkanları tükənəcək. Çünki yeni dünya nizamı quruculuğu və bununla bağlı geopolitik qarşıdurma həlledici mərhələyə daxil olduğundan tərəflər durumu anlayır və buna görə də öz mövqelərini açıq şəkildə bildirməlidirlər.
İndiki vəziyyətdə hadisələrin inkişafını görən Rusiya açıq şəkildə 300 illik imperiya siyasətindən - əsası I Pyotr tərəfindən qoyulan Cənub strategiyasından imtina etməlidir, çünki Qarabağ və bütövlükdə erməni məsələsi bu strategiyanın tərkib hissəsidir. Nə qədər ki, bu, baş verməyib, Rusiya ənənəvi strategiyasından imtina etməyib, gərginlik yaşanacaq. Artıq Rusiya görür ki, Türkiyə və Azərbaycan öz maraqlarını inkişaf etdirir və nəticədə Rusiya “sülhməramlı” qüvvələri Qarabağı tərk etməli olacaq. Ona görə də Rusiya müharibə vəziyyətində olmasına, ABŞ başda olmaqla kollektiv Qərblə qarşıdurma yaşamasına rəğmən Qarabağ mövzusunda maraqları üst-üstə düşdüyü üçün Minsk Qrupunu fəallaşdırmağa çalışır. Həmçinin, Qarabağın “statusu” məsələsində Paris və Vaşinqtonla eyni istiqamətdə hərəkət edir. Xüsusilə, Parislə öz siyasi-diplomatik fəaliyyətini koordinasiya edir. Bu, açıq görünür.
- Putinin son açıqlamalarını Azərbaycan üçün nə dərəcədə təhlükəli hesab edirsiniz?
- Xatırlayırsınızsa, 10 noyabr üçtərəfli bəyanatı imzalanan günün səhəri mənim ilkin dəyərləndirməm olmuşdu. O zaman münaqişənin həll edilmədiyi fikrimi ifadə etmişdim. Eyni zamanda qeyd edirdim ki, Azərbaycan üç müharibəyə hazır olmalıdır.
Birincisi, Qarabağda hələlik nəzarətimizdə olmayan ərazi üzərində suverenliyimizin təmin olunması məsələsinin həll edilməsidir.
İkincisi, Zəngəzur dəhlizinin açılması məsələsidir.
Üçüncüsü isə İran və ya Cənubi Azərbaycan məsələsidir.
Göründüyü kimi, indi bu məsələlərin üçü də eyni vaxtda aktuallaşıb. Mən hər zaman deyirdim ki, Azərbaycan buna hazır olmalıdır. Artıq kritik mərhələyə çatmışıq. Təsəvvür edin ki, hazırda Rusiya ilə Amerika arasında müzakirə edilməli olan cəmi iki məsələ var. Biri İranın nüvə proqramı ilə bağlı məsələdir və bu, artıq arxa plana keçib. İkincisi də məlum Qarabağ məsələsi.
Vladimir Putinin son açıqlaması göstərir ki, artıq Kreml öz niyyətini açıq şəkildə açıqlamalı olub. Bu, artıq Qarabağ məsələsinin də həllinin həlledici mərhələyə daxil olduğunu göstərir. Putinin açıqlaması həm də Rusiya-Azərbaycan münasibətlərində dönüş nöqtəsinə çatdığımızı göstərir. Artıq Azərbaycan Rusiya ilə münasibətlərdə seçimini etməli olacaq.
- Yəni, təhlükəli mərhələyə daxil oluruq?...
- Açığını deyim ki, artıq Rusiya konfliktin həllini istəmir. Əslində, bunu məktəb şagirdləri də bilirlər. Konflikt Rusiya tərəfindən regionda qalmaq və hər iki ölkəyə təzyiq vasitəsi üçün ideal imkandır. Konfliktin həll ediləcəyi təqdirdə Ermənistanda və Azərbaycanda Rusiyanın hərbi iştirakı öz aktuallığını itirəcək. Yəni, Rusiya buranı tərk etməli olacaq. Odur ki, Rusiya sona qədər çalışacaq ki, konfliktin həllinə mane olsun. Bunun üçün İran, Fransa və Amerika ilə koordinasiya şəraitində işləyəcək.
Diqqət edin, Moskva nə İranın Qafan şəhərində baş konsulluğunun açılmasına, nə də Azərbaycan sərhədində(nəzərə almaq lazımdır ki, bu təlimlər Ermənistanla sərhədi də əhatə edir) hərbi təlimlərinə reaksiya vermir. Xüsusilə nəzərə alın ki, bu təlimlərdə guya İran ordusunun Zəngəzura çıxarılması ssenarisi işlənib. Yəni, Azərbaycan Ordusunun hücumu olacağı təqdirdə İran ordusu Arazı keçib Zəngəzurda “mövqe” tutacaq. Böyük ehtimalla burada Qafandakı konsulluğun “qorunması” ordunun çıxışı üçün legitimlik rolu oynamalıdır. İranın bu hərəkətlərinə Rusiya reaksiya vermir, Avropa Birliyinin müşahidəçi missiyasının Ermənistana gəlməsinə və Zəngəzurda yerləşməsinə sakit yanaşır. Eləcə də ATƏT müşahidəçilərinə. ABŞ-ın bu mövzuda fəallaşmasına formal olaraq reaksiya verir, yəni deyir ki, biz ondan daha yaxşı təkliflər irəli sürürük. Bildirir ki, onun təklif etdiyi variant Vaşinqton variantından daha yaxşıdır.
Rusiya, İran və Fransanın maraqlarının bu məsələdə üst-üstə düşməsi, eləcə də Türkiyə-Fransa, Türkiyə-ABŞ və Türkiyə-Yunanıstan münasibətlərində gərginliyin olması fonunda vəziyyət bir qədər də çətinləşir. Odur ki, biz təhlükəli vəziyyət yarandığını deyə bilərik. Amma vaxtında və düzgün qərarın qəbul edilməsi yaranan vəziyyətdə bizim üçün fürsət ola bilər. Bir daha qeyd edim ki, bizim 48-72 saat vaxtımız olacaq. 48-72 saat ona görə deyirik ki, qarşı tərəfin bizim addımımıza operativ reaksiya vermək kimi imkanı olmamalıdır. Həmin vaxt da yaxınlaşıb, buna hazır olmalıyıq.
- Moskva-Bakı münasibətlərində gərginlikləri dəfələrlə müşahidə etmişik. Ancaq sonda tərəflər arasında razılaşmalar olub və əlaqələr normal xəttə qayıdıb. Sizcə, bu dəfə necə olacaq?
- Azərbaycan münaqişənin birdəfəlik, son və qəti həllini istəyir. Hətta bunun vaxtı bir qədər də keçib. Açığı, bunu ortaq dəhlizə görə Çin, Avropa Birliyi, Böyük Britaniya və müəyyən səbəblərdən İsrail də istəyir. Təbii ki, Türkiyə və Azərbaycan da bunda maraqlıdır. Amma eyni zamanda bunu istəməyən Amerika, Fransa, İran, Rusiya, Ermənistan da var. Gördüyünüz kimi biz tərəfdən və Ermənistan tərəfindən xeyli güclü qüvvələr cəmləşib. O baxımdan vəziyyət kifayət qədər kritikdir. Mənim qənaətimcə, burada Azərbaycan Türkiyə, İsrail və Böyük Britaniya ilə birlikdə hərəkət etməlidir. Azərbaycan həm də İsrail və Böyük Britaniya ilə olan yaxşı münasibətlərindən istifadə etməklə London və Təl-Əviv üzərindən Amerika ilə dil tapmalı, öz təkliflərini uyğunlaşdırmalıdır. Bu halda Fransa təklənəcək, zamanla Rusiyanın proseslərə təsir imkanı azalacaq. Elə bir dövr çatacaq ki, ruslar prosesə təsir edə bilməyəcək. Bax, o zaman da Azərbaycan həlledici addımı atmalıdır.
- Yaxın dövr üçün Bakı-Moskva münasibətlərini necə proqnoz edirsiniz?
- Rusiya Ukrayna savaşında, daha doğrusu bu geopolitik qarşıdurmada gömüləcək. Zəiflədikcə ətrafında olan qüvvələrini geri çəkməyə məcbur olacaq. İlk növbədə Rusiya başlayacaq özü üçün az əhəmiyyətli və daha uzaq bölgələrdən - Liviyadan, Afrikadan, Suriyadan öz qüvvələrini çıxarmağa. Daha sonra Qafqazdan və Mərkəzi Asiyadan çəkilməli olacaq. Çəkilməsə və formal olaraq hərbi iştirakını saxlasa belə, bu hərbi iştirakçılıq ona diplomatik-siyasi güc qazandırmayacaq. Yəni, siyasi-diplomatik proseslərə təsir edə bilməyəcək.
Məsələn, Azərbaycan və Türkiyə Qarabağın müəyyən hissəsində öz suverenliyini təmin etmək üçün hərəkətə keçəcəksə, ruslar hərbi reaksiya verə bilməyəcək. O baxımdan vaxt Azərbaycanın xeyrinə işləyir. Azərbaycan Rusiya məsələsini həll edəcək, qənaətimcə burada əsas məsələ Amerikanın neytrallaşdırılmasıdır. İranın və Fransanın mövqeyi isə heç bir halda dəyişməyəcək. Biz burada supergüclə işləyib onun mövqeyini Azərbaycanın maraqları ilə uzlaşdırmağa nail olmalıyıq. Bunun üçün də həm bizim regionda, həm də yaxın regionlarda Amerikanın maraqlarına qardaş Türkiyə ilə birlikdə dəstək verə bilərik. Yəni, ABŞ-ın regiondakı maraqlarına dolayı yolla dəstək versək, Vaşinqton da Azərbaycanın təklif etdiyi varianta dəstək verə bilər.
Dünya nizamı quruculuğu, geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Artıq Qarabağ məsələsinin həlli və Azərbaycan-Rusiya münasibətləri də bu mərhələyə daxil olur. Bunun müddət baxımdan nə qədər çəkəcəyinə təsir edən faktorlar çoxdur. Amma məncə, artıq bu dövrə daxil olmuşuq və qarşıdakı bir il bizim üçün kritik sayıla bilər.
- Qarabağda rus sülhməramlıların nəzarət etdiyi ərazidə və ya Azərbaycan-Ermənistan sərhədində hərbi qarşıdurma yarana bilərmi?
- Rusiya ilə hər hansı bir qarşıdurmanın olacağını gözləmirəm. Çünki Rusiya da buna getməz, gedə bilməz. Rusiya elə halda deyil ki, Türkiyə kimi böyük gücə və Azərbaycana yeni cəbhə açsın. Amma İran, Fransa və ABŞ-dakı dairələrin qızışdırması ilə Ermənistanda bəzi qüvvələr təxribata gedə bilər. Bu səbəbdən də lokal döyüşlər ola və bir neçə gün çəkə bilər.
скачать dle 12.1