Bia.Az

İŞĞALÇININ VASİTƏÇİLİYİ... – Və ya Ukraynanı viran qoyan Putinin Qarabağdakı çirkin niyyəti...

Gündəm
 31-10-2022, 12:03     261

Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıyla bağlı hər nə qədər gərgin və bəzi məqamlarına görə təhlükəli proseslər yaşansa da, son bir neçə gün ərzində Rusiya və Ermənistan tərəfindən səsləndirilən bəyanatlar bizim üçün ümumi mənzərəni xeyli aydınlaşdırmış oldu.

O mənada ki, Putinin və Paşinyanın son açıqlamaları Azərbaycana gerçək təhlükənin Ermənistandan daha çox Rusiyadan qaynaqlandığını bir daha və birmənalı şəkildə ortaya qoydu. Artıq heç kim heç nəyi gizlətmir. Putin “Valday” klubundakı son çıxışıyla açıq şəkildə göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünə, Qarabağ üzərində suverenliyinə şübhə ilə yanaşır. 
Ondan fərqli olaraq, Paşinyan erməni cəmiyyətindən və revanşistlərdən çəkinmədən bəyan etdi ki, dünya birliyi Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və bununla hesablaşmağa məcburdurlar. Ancaq Kremlin həyasızlığı o dərəcəyə çatıb ki, onu nə Azərbaycanın, nə də Ermənistan hakimiyyətinin Qarabağla əlaqədar mövqeyi maraqlandırmır. İstər Putinin “Valday”dakı məlum açıqalmasından, istərsə də Kremlin dövlət kanallarında təşkil etdiyi anti-Azərbaycan və anti-Paşinyan kampaniyasından belə aydın olur ki, Ermənistan Qarabağdan əl çəkməyə hazır olsa belə, Rusiya bu torpaqlardan əl çəkmək niyyətində deyil.
Kreml “tutub durur” ki, xeyr, Qarabağdakı ermənilərin “haqq və azadlıqlarına” görə cavabdehlik daşımağa hazırdır və “sülhməramlı missiyanın” vaxtını daha 10-15 il uzatmaq fikrindədir. “Qarabağ problemi”nin həllini isə qeyri-müəyyən vaxta qədər uzatmaq lazımdır. Putinin Azərbaycana təzyiqlə qəbul etdirmək istədiyi bu “sülh müqaviləsi” açıq-aşkar “münaqişənin bitməsini istəmirəm” deməkdir!
Bəli, Kremlin bu gün -31 oktyabr üçtərəfli Soçi görüşündə imzalatmağa çalışdığı bildirilən bu “sülh müqaviləsi” layihəsi Azərbaycanın qətiyyən qəbul edə bilməyəcəyi şərtlər üzərində qurulub.

Erməni tərəfinin açıqalmalarından belə aydın olur ki, əslində, Azərbaycanın önə sürdüyü, lakin Putinin “Vaşinqton variantı” adlandırdığı və erməniləri qorxutmağa çalışdığı sülh müqaviləsini Kreml heç cür qəbul etmək istəmir. 
Əvəzində, öz imperiya maraqları naminə ermənidən betər ermənilik etməyə çalışan Rusiya guya Qarabağdakı ermənilərin qeydinə qaldığını ifadə edir. Əslində isə elə erməniləri daha da bədbəxt, Rusiyadan asılı, hüquqsuz, kölə vəziyyətinə salan “sülh müqaviləsi” ilə çıxış edir.
BirincisiAzərbaycan Qarabağdakı erməniləri öz vətəndaşları hesab edir, onların təhlükəsizliyinə təminat verir və onların Azərbaycan cəmiyyətinə, iqtisadiyyatına, sosial-siyasi həyatına inteqrasiyası üçün bütün lazım olan addımları atmağa hazır olduğunu bəyan edir.
İkincisi, əgər kimsə ermənilərin, yaxud hər hansı bir digər millətin, xalqın haqlarının, azadlıqlarının və s. qeydinə qalmaq istəyirsə, Rusiya bunu edəcək ən sonuncu dövlətdir! Hansı ölkənin ərazisində olmasından asılı olmayaraq, vasitəçi, müşahidəçi, yaxud sülhməramlı missiyasını daşımaq haqqına malik olan dövlət Rusiya deyil, Rusiya ola bilməz! Rusiya bunu Ukraynada sübut etdi.
Öz xalqının siyasi, iqtisadi azadlıqlarına, adi yaşamaq hüququna məhəl qoymayan, onun gənc nəslini Ukrayna çöllərində öz imperiya, hakimiyyət maraqlarına görə qırğına verən, müasir sivilizasiyadan geri salan, korrupsiya, haqsızlıq, ədalətsizlik məngənəsində boğan, şüursuz, səssiz, hüquqsuz kütləyə çevirən, Ukraynadakı işğalçılıq savaşına görə bütün dünyada nifrət və təhqir obyektinə çevirən, digər yandan on minlərlə günahsız, dinc insanı qətlə yetirən, milyonlarla ukraynalını ev-eşiyindən didərgin salan, bu qonşu ölkənin 20 faiz ərazisini işğal edən, indi də bütün mülki infrastrukturuna qarşı açıq terror həyata keçirən, insanları qışın sərt vaxtında işıqsız, istiliksiz, susuz, çörəksiz qoymaq üçün çirkin hücumlar təşkil edən, özü öz sözünə, vədinə, imzasına tüpürən, dünyanın bir neçə ölkəsinin “terrora dəstək verən dövlət”, yaxud “terrorçu dövlət” kimi tanıdığı, bəşəriyyəti nüvə silahı ilə təhdid edən, bir sözlə, dünya xəritəsində özü boyda qara ləkəyə, təhlükəyə çevrilən bir dövlətdən vasitəçi ola bilərmi?

Ümumiyyətlə, işğalçıdan vasitəçi, yaxud sülhməramlı olarmı? Əlbəttə ki, yox! Sülh hara, ədalət hara, hüquq hara, bugünkü Rusiya hara? Rusiyanın təklif etdiyi “sülh müqaviləsi” onun özündən başqa heç kimi qane də bilməz.
Kremlin, Putinin bizim regionla, Qarabağla bağlı işğalçı, imperialist niyyətlərinin bugünkü qədər açıq-aydın təzahür etdiyi tarix demək olar ki, olmayıb. Odur ki, bizi nə Soçi, nə Moskva, nə də Rusiyanın hər hansı digər şəhərində Kremlin patronajlığı altında keçirilən görüş, danışıqlar yolumuzdan döndərməməlidir və Vətən müharibəsindəki Zəfərimizə kölgə salan hər hansı “sülh sazişi” ilə razılaşmamalıyıq!/“AzPolitika.info”/скачать dle 12.1