Arxiv

Oxunub:300 / 27 yan 18:34gundem

Ağcabədidə maaş kartı maxinasiyası



Ağcabədidə maaş kartı maxinasiyası

Uzun müddətdir ki, “Bizim Dövr”ün redaksiyasına daxil olan məlumatlarda Ağcabədi meşələrinin sistematik olaraq qırılması barədə həyəcan siqnalları öz əksini tapmaqdadır. Təqdim olunan materiallarda bildirilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Müzəffər Cəfərov daşıyır. Göstərilir ki, bu məmurun fəaliyyəti nəticəsində rayonun onsuz da kasad olan meşələri indi də ağac emalı müəssisələri üçün xammal bazasına çevrilmişdir. Meşələrin sürətlə qırılmasına səbəb olan digər bir amil də səfalı məkanlarda, təbiətin qoynunda istirahət mərkəzləri və iaşə obyektlərinə sahib olmaq istəyənlərin sayının çox olmasıdır. Kəsilən meşə zolaqlarının yerində tikilən obyektlərin sahibləri isə bu “əməkdaşlığın” müqabilində Müzəffər müəllimə külli miqdarda pul ödəyirlər. Digər tərəfdən də Müzəffər Cəfərov artıq uzun müddətdir ki, meşə torpaq sahələrini satmaq və ya icarəyə verməklə məşğuldur. Bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti bir məlumatda isə, bir tərəfdən Müzəffər Cəfərovun tabeliyində çalışan insanlara qarşı yol verdiyi ciddi qanun pozuntuları əks olunur, digər tərəfdən də, bu məmurun Ağcabədi meşələrini talan etməsi faktı bir daha, həm də məhz müəssisənin daxilində oan (daha doğrusu, olmuş) mənbə tərəfindən təsdiq edilir. Beləliklə, Zərdab rayonu, H.Zərdabi küçəsi, ev 11 ünvanında yaşayan vətəndaş Muradov Vidadi Yaqub oğlu öz müraciətində yazır: “2003-cü il tarixdə mən Ağcabədi rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə meşə gözətçisi vəzifəsinə təyin edilmişdim. Müəssisənin müdiri Müzəffər Cəfərov yenisinin verilməsi adı ilə mənim maaş kartımı aldı və qaytarmadı. Hər ay kartımdan əmək haqqımı çıxarıb mənimsədiyi üçün, buna etiraz edib kartımı özümə verilməsini tələb etdim. Buna görə müdir Müzəffər Cəfərov 01 may 2015-ci il tarixdə mənim xəbərim olmadan, mənim əvəzimə xəstəliyə görə işdən çıxarılmağıma dair kiməsə ərizə yazdırıb, imza etdirib və məni qanunsuz olaraq işdən çıxartdı. Əgər obyektiv araşdırlıma aparılarsa, Əmək Məcəlləsinin 69-cu madəsinə əsasən xəstəliyə görə işdən çıxarılmağıma dair ərizənin mənim tərəfimdən yazılmadığı və imza edilmədiyi tam sübut olunacaq. Həmçinin uzun müddət bankomatdan maaş kartımdan əmək haqqının kimin tərəfindən götürülməsi də sübut olunacaq. Həmin ərizənin əsli var, bankomatda mənim maaş kartımdan pul çıxaran şəxsin foto şəklini də əldə etmək mümkündür. Mənim heç bir xəstəliyim yoxdur, tam sağlamam, işdən də maaş kartımın özümə verilməsini müdir Müzəffər Cəfərovdan tələb etdiyim üçün çıxarılmışam. Xəstə mən deyiləm, müdir Müzəffər Cəfərov korrupsiya xəstəliyinə düçar olub ki, barəsində qanunu tədbirlər görülməsinə zərurət var. Mən bu korrupsiya cinayəti barədə başda Prezident cənab İlham Əliyev olmaqla, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri cənab Ramiz Mehdiyevə, Prezident Administrasiyası Hüquq Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova, Baş Prokurora, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə, Daxili İşlər Naziri cənab Ramil Usubova şikayət ərizələri ilə müraciəıt etmişəm və inanıram ki, bu cinayət faktı obyektiv araşdırılıb ciddi tədbirlər görüləcək. Həmçinin mətbuat vasitəsi ilə də onlara müraciət edib xahiş edirəm ki, mənim əvəzimə saxtakarlıqla yazılıb imza edilmiş ərizə ekspertiza edilsin, bankomatdan uzun müddət maaşımı çıxaran şəxsin fotoşəkili çıxarılıb yoxlanılsın və bütün bunları vəzifə səlahiyyətlərindən sui-istifadə edib bu saxtakarlıqları, özbaşınalıqları həyata keçirmiş Ağcabədi rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri Müzəffər Cəfərovun barəsində dərhal cinayət işi başlanılıb, qanunu tədbirlər görülsün. Mətbuat vasitəsi ilə həmçinin Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseynqulu Bağırova müraciət edib bildirirəm ki, belə bir saxtakarı, yaramazı vəzifədə saxlamaq sizə ləkə gətirir. Gəlin, araşdırın və mən sizə göstərim ki, hektarlarla meşə zolağını Müzəffər Cəfərov qanunsuz olaraq qırdırıb, məhv edib. Xahiş edirəm komissiya təşkil edib, bu faktları mənim iştirakımla yoxlayın”.

Göründüyü kimi, Müzəffər Cəfərov təkcə bir keçmiş işçisi Vidadi Muradova qarşı münasibətdə artıq iki ciddi qanun pozuntusuna yol vermişdir. İndi görün ki, bu məmur meşənin dilsiz-ağızsız ağaclarının başına nə oyun gətirir..?

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.