Bia.Az

Telman Seyfullayev bəraət aldı

Siyasət
 30-10-2022, 13:34     195

Oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsi azadlıqdan şərti məhkumluq çəkən AXCP üzvü Telman Seyfullayevin işi üzrə yeni prosesi tamamlayıb. 

Novator.az-a danışan Telman Seyfullayev deyib ki, məhkəmə ona bəraət verib: “Mən heç bir cinayət törətmədiyim halda əsassız məhkum olunmuşdum, bəraət istəyirdim, nəhayət, bu məqsədimə çatdım”.

1962-ci il təvəllüdlü Telman Seyfullayev xalq hərəkatının fəalıdır. O, 2020-ci il iyulun 20-də tutulub, noyabrın 17-də ev dustaqlığına buraxılıb.
2021-ci il iyunun 22-də Səbail Rayon Məhkəməsi Telman Seyfullayevə 2 il 7 aylıq şərti həbs cəzası kəsmiş, 2 il 3 ay sınaq müddəti qoymuşdu.
2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisdə mülkiyyətə və inventara ziyan dəyib.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
Təqsirləndirilən şəxslərin 36-sı, o cümlədən AXCP-nin 15 üzvü bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da 21 nəfərin, dekabrın 7-də 15 nəfərin ev dustaqlığına buraxılmasına qərar verilib.
Telman Seyfullayev və AXCP-nin daha 16 üzvü müxtəlif müddətlərə azadlıqdan şərti məhrum ediliblər.
2021-ci ildə Səbail Rayon Məhkəməsinin çıxardığı hökmləri Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2022-ci il aprelin 26-da Ali Məhkəmə 3 cəbhəçinin şikayətlərini təmin etməyib.
İyunun 29-da Ali Məhkəmə Telman Seyfullayev və daha 3 cəbhəçinin şikayətləri üzrə qərar çıxarıb. Telman Seyfullayevin işi yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb, qalan şəxslərin cəzaları qüvvədə saxlanıb.скачать dle 12.1