Bia.Az

Kreml nüvə faktorundan məhrum edilir: ABŞ Rusiya ordusunu yeni bioloji silahla məğlub edəcək

Gündəm
 30-10-2022, 13:17     255

Tezliklə Rusiyanın nüvə dövləti statusuna böyük ölçüdə aydınlıq gəlməyə başlayacaq, əgər, Kreml nüvə faktorunun beynəlxalq təsir gücündən məhrum qalarsa, bu nəhəng ölkə dünyanın sıradan dövlətlərindən birinə çevriləcək... Kremldə isə ABŞ-ın infeksiyalı "hərbi milçəklər"inin Rusiya ordusunu qısa müddətdə məğlubiyyətə uğrada biləcəyindən ehtiyat edirlər...

Dünya nüvə müharibəsi ilə üzləşəcəkmi? İndi beynəlxalq siyasi iradə mərkəzləri bu sual üzərində ciddi şəkildə düşünürlər. Dünya indiyə qədər heç vaxt bu sualın müsbət cavabına belə yaxın olmamışdı. Və hazırda əsas narahatlıq doğuran məqam da məhz bununla birbaşa bağlıdır.

Əslində, dünya dövlətləri nüvə savaşının necə olacağını və hansı qorxunc fəlakətləri doğura biləcəyini təxmin etməkdə çətinlik çəkmirlər. Çünki, nüvə savaşının mümkün dağıdıcı nəticələrini təsəvvür etmək üçün tarixi örnək mövcuddur. Hər halda, ABŞ-ın Yaponiyaya endirdiyi nüvə zərbəsi hələ unudulmayıb. Naqasaki və Xerosima faciəsi hələ də aktualdır. Və bu baxımdan, daha müasir nüvə silahının törədə biləcəyi qlobal fəlakətin qat-qat dəhşətli ola biləcəyi qətiyyən şübhə doğurmur.
Təbii ki, bu səbəbdən də hazırda tam açıq şəkildə etiraf edilməsə də, hər halda, ehtimal edilən nüvə savaşına hazırlıq prosesinin başlandığı müşahidə olunur. NATO ölkələri nüvə savaşına yönəlik təlimlər keçirtməyə başlayıblar. Çünki, Rusiya NATO ölkələrini nüvə zərbəsi ilə dolayısı şəkildə də olsa, təhdid edir. Və müxtəlif bəhanələrlə, Ukraynada taktiki nüvə silahından istifadə edəcəyi təqdirdə, NATO-nun mümkün reaksiyasını əvvəlcədən müəyyən etməyə çalışır.
0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)
Nə qədər qəribə də olsa, Kreml öz nüvə təhdidlərini məhz Rusiyanın bu silahdan istifadə etməyi düşünmədiyi barədə bəyanatlar ilə ört-basdır etməyə də üstünlük verir. Qərb siyasi dairələrində isə bu bəyanatları Rusiyanın çıxılmaz vəziyyətdə nüvə silahından istifadə edəcəyinə yönəlik xəbərdarlıq mesajları kimi qəbul edirlər. Halbuki, Kreml nüvə savaşını gündəmə gətirərkən, mütləq Ukraynanı da bu mövzuya bulaşdırmağa çalışır.
Kremlin əsas iddiası ondan ibarətdir ki, Ukrayna öz ərazisində olan Atom Elektrik Stansiyalarından birinə zərbə endirmək planları qurur. Rusiya vurğulayır ki, əgər bu, baş verərsə, nüvə savaşı qaçılmaz ola bilər. Rəsmi Kiyev və bəzi Qərb ölkələri isə əmindirlər ki, bu iddialar Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək və sonradan məsuliyyəti qarşı tərəfin üzərinə atmaq planlarından qaynaqlanır. Və bu səbəbdən də, Rusiyaya nüvə silahından istifadə edəcəyi təqdirdə, eyni məzmunda ağır cavab reaksiyası ilə üzləşəcəyi barədə birmənalı xəbərdarlıq olunur.
Maraqlıdır ki, Rusiya da nüvə silahından istifadə məzmunlu təlimlər keçirtməyə çalışır. Bu təlimlərdə əsas məqsəd Ukraynaya hərbi dəstək verən Qərb ölkələrində xof yaratmaqdan ibarətdir. Əgər, baş tutarsa, nüvə savaşı təhlükəsinin təsiri altında Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyinin məhdudlaşa biləcəyinə ümid bəslənilir.
Ancaq Kremlin bu məsələdə işlərinin yaxşı getdiyini iddia etmək bir qədər çətindir. Çünki, Kremlin hərbi elitasından Qərb xüsusi xidmət servislərinə sızdırılan məlumatlara görə, Rusiyanın nüvə silahına bağlı təlimləri heç də uğurlu nəticələr ilə fərqlənmir. Düzdür, Kremlə yaxın media quruluşları Rusiya Müdafiə Nazirliyinə istinadən nüvə sınaqlarının uğurlu olduğunu iddia edirlər. Ancaq Qərb kəşfiyyatının Rusiya hərbi dairələrindən əldə etdiyi məlumatlarda bir neçə nüvə sınağının ardıcıl olaraq, təxirə salınması məcburiyyətinin yarandığı bildirilir.
8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB)
Məsələ ondadır ki, Qərb mətbuatında iddia olunur ki, xüsusi xidmət servislərinin NATO ölkələri üçün hazırladıqları hesabatlarda Rusiyanın nüvə faktorunu da tədricən itirmək üzrə olduğu vurğulanır. Rusiya elitasından sızan məlumatlar əsasında hazırlanmış həmin hesabatlara görə, son bir həftə ərzində keçirilən 5 nüvə sınağından üçü baş tutmayıb. İki nüvə sınağında əldə edilən hərbi nəticələrin isə gözlənilən effektdən qat-qat aşağı olduğu bildirilir.
Anlaşılan odur ki, Rusiyanın taktiki nüvə silahı ilə "şantaj taktikası" da artıq iflasa uğramaq üzrədir. Çünki, əgər, bu iddialar doğru çıxarsa, deməli, böyük ehtimalla Rusiyanın taktiki nüvə silahı ilə bağlı mövcud olan təsəvvürlər də daha çox hərbi-siyasi miflərdən qaynaqlanırmış. Hər halda, Rusiyanın öz gücünə və döyüş qabiliyyətinə görə dünyanın ikinci ordusuna sahib olması barədə miflər də məhz Ukrayna savaşı sayəsində dağılmışdı. Və indi Qərb hərbi dairələri Rusiyanın nüvə silahı arsenalının da təsəvvür edilən keyfiyyətdə ola biləcəyinə ciddi şəkildə şübhə etməyə başlayıblar.
Onu da qeyd etmək lazımdır ki, Kremlin son vaxtlar gözlənilmədən, zənginləşdirilmiş urandan deyil, nüvə tullantılarından hazırlanmış "çirkli bomba"lar barədə danışmağa başlaması həmin şübhələri daha da gücləndirir. Qərbdə bəzi hərbi mütəxəssislər hesab edirlər ki, taktiki nüvə silahı ilə təhdidlər boşa çıxdığı üçün Kreml indi də "çirkli bomba" şantajına məcbur qalıb. Və yenə də, bu məsələdə Ukraynanın adının hallandırılması Kremlin növbəti hərbi-siyasi blefi kimi qəbul edilir.
Məsələ ondadır ki, Kremlin iddialarına görə, Ukrayna "çirkli bomba"lardan istifadə etmək imkanı qazanmaq üzrədir. Güya rəsmi Kiyev Rusiyaya aid "Toçka-U" və ya "İskəndər" raket sistemlərindən birinin bənzərini hazırlayır. Buna nail olunduqdan sonra rəsmi Kiyev həmin raket sistemi vasitəsilə "çirkli bomba"nı Çernobl üzərində partladacaq və bunu Rusiyanın etdiyini bəyanlayacaq. Bundan sonra rəsmi Kiyev Rusiyaya qarşı beynəlxalq sanksiyaların daha da sərtləşdirilməsini, Ukraynaya hərbi dəstəyin isə gücləndirilmısini tələb edəcək.
8a58cf850e2f54017df0c43a618889fb.jpg (240 KB)
Qərb hərbi-siyasi dairələrində Kremlin bu iddialarını "rus fantaziyası"nın növbəti təzahürü kimi qəbul edirlər. Hesab edirlər ki, taktiki nüvə silahı ilə şantaj imkanları məhdudlaşan Kreml, günahı Ukraynanın üzərinə yıxmaq şərtilə Çernobl üzərində "çirkli bomba" partlatmaq planları qurur. Bununla da dünyada kütləvi qırğın silahlarının sayəsində şok effekti yaratmaq taktikasını sınaqdan çıxartmaq niyyəti güdür. Bu qənaətə gələn Qərb hərbi mütəxəssisləri öz fikirlərini Ukraynanın indiki situasiyada Rusiyaya aid hər hansı raket sistemini "kopya"lamaq imkanlarına sahib olmaması ilə arqumentləşdirirlər.
Göründüyü kimi, olduqca maraqlı və önəmli situasiya yaranmaq üzrədir. Silah-sursat defisiti ilə üzləşən, böyük ehtimalla nüvə faktorundan da əli üzülməkdə olan Rusiya düşdüyü vəziyyətdən çıxış yolları axtarır. Əgər, Kreml kütləvi qırğın silahları ilə dünyada şok effekti yaratmağa nail ola bilməzsə, deməli, yalnız canlı hərbi qüvvənin ümidinə qalmış olacaq. Müasir savaş taktikaları və modern silahların qarşısında isə canlı qüvvə faktoru artıq demək olar, elə bir ciddi rol oynamır. Və bu, Rusiyanı nəinki qlobal, hətta regional oyunçu statusundan məhrum buraxa biləcək ağır hərbi məğlubiyyətə daha sürətlə yaxınlaşdıra bilər.
Maraqlıdır ki, bütün bu qəribə iddiaların ardınca, Kreml daha bir yeni bioloji silahla bağlı məlumatları da beynəlxalq gündəmə çıxartmağa çalışır. Belə ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın "milçək daşıyan dronlar"ından danışıb. Onun iddiasına görə, bu dronlar təhlükəli viruslarla yoluxdurmuş milçəkləri daşımaq üçün hazırlanıb: "Bu dronlar infeksiya daşıyıcısı olan milçəklərlə dolu konteyneri hədəf bölgəyə çatdırır və həşəratları əraziyə buraxır. Həmin bölgədə milçəklərin dişlədiyi bütün insanlar təhlükəli xəstəliyə yoluxmuş olur. Belə bioloji silah-milçəklər rəqib dövlətin ordusuna qarşı ən müasir hərbi texnikalardan daha effektiv ola bilər".
Belə anlaşılır ki, Rusiya böyük ehtimalla nüvə faktorunu itirmək üzrədir. Yəqin ki, tezliklə Rusiyanın nüvə dövləti statusuna böyük ölçüdə aydınlıq gəlməyə başlayacaq. Əgər, Kreml nüvə faktorunun beynəlxalq təsir gücündən məhrum olarsa, Rusiya dünyanın sıradan dövlətlərindən birinə çevriləcək. Üstəlik, Rusiya ABŞ-ın yeni bioloji silahından narahat olduğunu da artıq gizlətmir. Görünür, Kremldə ABŞ-ın infeksiyalı "hərbi milçəklər"inin Rusiya ordusunu qısa müddətdə məğlub edə biləcəyindən ehtiyat edirlər. Və bu baxımdan, Rusiyanın nə qədər acınacaqlı vəziyyətə düşdüyünü təsəvvür etmək qətiyyən çətin deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupuскачать dle 12.1