Arxiv

Oxunub:1236 / 27 yan 18:32gundem

151 saylı körpələr evi-uşaq bağçasının müdiri baxçada bazar açıb- ŞİKAYƏT



151 saylı körpələr evi-uşaq bağçasının müdiri baxçada bazar açıb- ŞİKAYƏT

151 saylı uşaq bağçasının müdiri Venera Xəlilova dövlət bağçasını ödənişli edib. Dogruxeber.com-a müraciət edən valideyn Samirə Qurbanova aidiyyəti qurumlardan kömək gözləyir.

Paytaxtın Binəqədi rayonunun ərazisində yerləşən 151 saylı körpələr evi-uşaq bağçasının müdiri Xəlilova Venera Zülfüqar qızının işindəki əyinti halları və qanunlara məhəl qoymaması barədə məlumatlar daxil olub.

Şikayət ərizəsi ilə müraciət edən valideyn, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon Alay Kunanbayev küçəsi 7/19 mənzil 114-də yaşayan Qurbanova Samirə Tofiq qızı bir sıra maraqlı məqamları açıqlayıb.

Şikayətçi bildirib ki, 2015-ci ilin may ayında oğlu Əli Hüseynzadəni 151 saylı körpələr evi-uşaq bağçasına qeydiyyat etdirmək istəyib: “Bu məqsədlə bağçanın müdiri Venera xanıma müraciət etdim. Mənə bildirdilər ki, bunun üçün 500 manat ödəməliyəm. Üstəlik, uşaq bağçaya qəbul ediləndən sonra hər ay 100 manat verməli idim. Bağça müdirinin bu şərtləri ilə razılaşdım. 500 manat verib oğlumu bu bağçaya qəbul etdirdim.

Həmin tarixdən, yəni 2015-ci ilin may ayından dekabr ayına kimi bağçaya hər ay 100 manat ödədim. Sonuncu aylar maddi problemlərim olduğu üçün bağçanın aylığını verə bilmədim. Maraqlandım ki, sən demə bağça ödənişsiz imiş, yəni dövlətdən maliyyələşirmiş. Oğlum bir neçə gün müəyyən səbəblərə görə bağçaya gedə bilmədi. Mənə zəng elədilər ki, uşağın nəyə görə bağçaya gələ bilmədiyi haqda arayış al gətir, əks təqdirdə uşaq bağçadan xaric ediləcək.

Sonradan mənə bəlli oldu ki, əslində arayış bəhanədir, aylığı vermədiyim üçün uşağı bağçadan çıxarıb yerinə başqasını götürmək istəyirlər. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinə müraciət etmişəm. Bağça ödənişssiz olduğu halda, 6 ay hər ay məndən 100 manat alıblar.

Bundan əlavə, 500 manat ödəmişəm. Sizin vasitənizlə ölkə rəhbərliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin müəllimə və aidiyyəti dövlət qurumlarına müraciət edib kömək istəyirəm. İndiyə qədər ödədiyim pulları geri qaytarsınlar. Əks halda, haqqımı ən ali instansiyalar səviyyəsində tələb edəcəm”.

Gülya adlı bağça işçisi Venera Xəlilovanın məzuniyyətdə olduğunu və bir həftədən sonra işə çıxacağını bildirib. Venera Xəlilova özünü Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qohumu kimi təqdim edir. Bağça müdirinin bahalı «Audi Q7» markalı avtomobili hansı vəsaitlə alması məsələsinə aydınlıq gətirməyə çalışacağıq. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.