Bia.Az

"Məktəbə çatmaq üçün palçığa bata-bata 5 saat yol gedirlər"

Fakt
 28-10-2022, 13:17     221

“Qarşıdan gələn qış aylarının yağıntılı günlərində palçığa bata-bata, uzun yolu qət edərək təhsil ocağına çatmaq istəyi şagirdlərin gözünə durub”
 
Qubanın şəhər mərkəzindən 40 km aralıda yerləşən Qənidərə kəndinin yol problemi var.
Qənidərə kəndində 100-dən çox sakin yaşayır. Sakinlər yolun bərbad olmasına görə yaşayış şəraitlərinin pisləşdiyini, təmir üzünə həsrət qalan kənd yollarında vəziyyətin ilbəil çətinləşdiyini deyirlər.
 
Çay daşanda uşaqlar dərsdən qalırlar
 Kənddə tam orta məktəb olmadığından şagirdlər 20 km məsafə qət edərək qonşu kəndə gedirlər.
Kənd sakini Seyfəddin Babayev deyir: Güclü yağışlar yağanda Kiçik Şabrançay daşır. Çay daşdığı ərəfədə uşaqlar dərsdən qalırlar. Heç olmasa çayın üstünə bir körpü salsınlar, çay daşanda vəziyyətimiz daha da iflic olmasın. Çayqışlaq kəndində tikildiyi kimi burada da körpü tikilsəydi, uşaqlar rahat keçib gedərdilər. O ki qaldı yollara. Kəndin yolları göz qabağındadır. Yollar palçıq içindədir. Bu yollara baxsalar daha yaxşı olar.
Təkcə yaşlılar deyil, məktəblilər də bu şəraitdən təngə gəliblər. Qarşıdan gələn qış aylarının yağıntılı günlərində palçığa bata-bata, uzun yolu qət edərək təhsil ocağına çatmaq istəyi şagirdlərin gözünə durub.
 
Bələdiyyədən bizə xeyir yoxdur
 
Kənd sakini Cəbrayıl Mahmudov deyir: Bələdiyyədən bizə xeyir yoxdur. Ancaq öz cibini doldurur. Heç bir iş görmürlər. Torpaq satmaq olanda qaçıb gəlirlər. Yoxsa ortalıqda yoxdurlar. Kəndin yollarına axırıncı dəfə sovetin dövründə asfalt vurulub. Ondan sonra baxan yoxdur. Palçıqdan tərpənmək mümkün deyil. Uşaqlar məktəbə necə getsinlər?
 Məktəbə çatmaq üçün 5 saat yol gedirlər
 
Qənidərə kəndindən olan məktəblilər tam orta təhsillərini tamamlamaq üçün hər gün dərəli-təpəli, palçıqlı yollarla soyuğa, istiyə baxmadan Kələnov kəndinə 5 saat piyada yol gedirlər. Yollarının vəziyyəti isə ortadadır.
Övladlarına görə narahat olan valideynlər azyaşlılar üçün nəqliyyat vasitəsinin ayrılmasını istəyirlər. Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məsələ ilə bağlı Belediyye.netə bildiriblər ki, məsələdən xəbərləri var, müsbət həll üçün danışıqlar aparılır.
 
Mövzu ilə bağlı Belediyye.netin sujeti:
 скачать dle 12.1