Bia.Az

“RUSİYA SÜLH PROSESİNİ ZOR GÜCÜNƏ DAYANDIRMAĞA CƏHD EDƏ BİLƏR...” - “Moskvada Türkiyənin Azərbaycandakı addımlarını sancılı qarşılayırlar”

Gündəm
 27-10-2022, 10:24     217

Elxan Mehdiyev: “Ruslar çalışırlar ki, sülh müqaviləsi imzalansa belə, proses onların nəzarətindən çıxmasın”

Son zamanlar Azərbaycan-Rusiya münasibətlərində gərginlik müşahidə olunur. Son 30 il ərzində Rusiyanın Azərbaycana qarşı təzyiqləri, onun öz təbliğatçıları vasitəsilə vaxtaşırı olaraq ölkəmizə qarşı kampaniya aparması, bunun Kremldən idarə olunması və s. heç kimə sirr deyil. Elə Qarabağ probleminin həllinin uzanmasında da aparıcı rolu Rusiya oynayıb. İndi də bu xəttin davam etdiyi görünür. Rusiya-Azərbaycan münasibətlərindəki bu gərginliyin mümkün nəticələrini proqnoz etmək isə kifayət qədər çətindir.

“AzPolitika.info” bu mövzunu konfliktoloq Elxan Mehdiyevlə müzakirə edib:
- Elxan müəllim, Rusiya dövlət telekanallarında ölkəmizə qarşı qarayaxma kampaniyası davam edir və biz də bunu cavabsız qoymuruq. Azərbaycan bir neçə gün əvvəl məlum səbəblərdən Rusiyaya nota verib. Bir sözlə, Moskva ilə Bakı arasında müəyyən gərginlik müşahidə edilir. Yaranmış bu vəziyyəti necə qiymətləndirirsiniz?
- Öncə nəzərə almaq lazımdır ki, nota etiraz formasıdır, konkret hadisəyə və ya davranışa etiraz bildirilir və bunun dayandırılması tələb edilir. Yəni diplomatik münasibətlərdə notaların təqdim edilməsi müharibə demək deyil. Son nota ilə də Azərbaycan Rusiyaya etiraz edib.
Konkret ikitərəfli əlaqələrə gəldikdə düşünürəm ki, Azərbaycan-Rusiya münasibətləri normaldır və ikili əlaqələr kontekstində yanaşdıqda dəstəklənməlidir. İndi Moskvanın özünü beynəlxalq aləmdən təcrid etməsini, Ukraynada işğalçı müharibə aparmasını kənara qoysaq, Azərbaycanın qonşu ölkələrlə, o cümlədən də Rusiya ilə münasibətlərini normal inkişaf etdirməsi maraqlarımıza uyğundur.
Nəzərə almalıyıq ki, Rusiyada milyonlarla azərbaycanlı yaşayır, pul qazanır, ailələrinə göndərir. Eləcə də Rusiya Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın ermənilər yaşayan müəyyən hissəsinə nəzarət edir. Mən ən önəmli detalları qeyd edirəm. Bu baxımdan bizim maraqlarımız əlaqələrin normal olmasını şərtləndirir.
- Amma Rusiyanın rəsmi dövlət kanallarında Azərbaycanın ərazi bütövlüyü dil uzadılır, ölkəmizə qarşı hörmətsiz davranış ortaya qoyulur, Qarabağdakı saxta separatçı qurumdan bəhs edilir və sair. Aydındır ki, bütün bunlar Kremlin razılığı və sifarişi olmadan baş verə bilməz...
- Təbii ki, bu məsələnin araşdırılmasına ehtiyac var. Mən bir mütəxəssis kimi deyim ki, bu kampaniya Putinin razılığı omadan da aparıla bilər. Ancaq bəllidir ki, Rusiyada illər boyu, xüsusilə SSRİ dağılandan sonra Ermənistanı dəstəkləyən böyük və nüfuzlu qüvvələr formalaşıb. Onlar həm ermənilərdən ibarətdir, həm də ruslardan. Bura rus ekspertləri, ziyalıları, mütəxəssisləri, erməni əsilli “ruslar” daxildir. Bunun da tarixi kökləri var. Onların ermənilərə və Ermənistana dəstək ənənəsi davam edir. Son 30 ildə onlar Rusiyada güclü mövqelər tutublar. Onlar baş verən hadisələri “Rusiya maraqlarından” yozaraq, rus siyasətinə uyğunlaşdırırlar, dedikləri sözün arxasında nələrin durduğunu da yaxşı bilirlər. Onlar Qafqazda gedən proselsəri bilir və rus maraqlarına uyğunlaşdırıb, təqdim edirlər. Biz hamımız da düşünürük ki, bu, Kremlin göstərişidir. Halbuki belə kampaniya Putinin göstərişi əsasında ola da, olmaya da bilər.
Digər tərəfdən, Rusiyanın çoxlu kanalları var, orada da dünya siyasətini analiz edə bilən alim və ekspertlər danışır. Rus parlamentində də çoxsaylı deputatlar var və dünya siyasətini rus maraqları konteksində şərh edirlər.
İkincisi, Rusiyanın illər boyu Türkiyə ilə münasibətlərdə düşmən mövqeyində olduğundan onlar Ankaranın regiondakı, xüsusilə də Azərbaycandakı addımlarını sancılı qarşılayırlar. Bu da tarixdən gələn baxışdır. Baxmayaraq ki, Putin Ankara ilə münasibətləri üst səviyyəyə qaldırıb, Rusiyanın alt yapısı Türkiyəyə düşmən mövqedən baxır. Əlbəttə, Türkiyə kontekstində yanaşanda Azərbaycana da düşmən mövqeyindən yanaşılır. Sadəcə, Azərbaycan 200 il Rusiya orbitində olduğu üçün Azərbaycanla bağlı düşmən mövqe Türkiyə ilə müqayisədə bir qədər aşağı ola bilər. Çünki çoxsaylı azərbaycanlı şəxsiyyətlər Ruisyaya bağlı olub. Yəqin ki, indi də belələri var. Bunların hesabına Azərbaycan da Rusiyada özünə tərəfdar toplaya bilər. Yəni, bu bucaqdan baxdıqda bizim də Rusiyada dostlarımız var. Amma buna ümumi tarixi Rusiya-Türkiyə münasibətləri kontekstindən yanaşsaq, onların sayı azdır. Əlbəttə, rus intilegensiyası, təhlükəsizlik və xarici siyasət camiyəsi Türkiyəni özünə düşmən sayır. Sergey Lavrovun dediyi kimi, vəziyyətdən asılı olaraq Türkiyə ilə tərəfdaşdırlar.
- Rusiyada bizə qarşı olanlar kimlərdir?
- Rusiya siyasətinin qurulmasında mühüm rol oynayan mərkəz, hərbi sənaye kompleksi və təhlükəsizlik sahəsi olub. Onlarınsa bizə münasibəti o qədər də müsbət olmayıb. Çünki Azərbaycan keçmiş SSRİ-nin hərbi strukturlarından çıxıb. 1990-cı illərdən baxdıqda, Azərbaycan əvvəlcə MDB-nin üzvü olmadı, sonradan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) qoşulmadı. 
Bəli, biz 1993-cü ildən sonra MDB-yə üzv olsaq da, Ermənistan kimi Rusiya ilə müttəfiqlik sazişinə getmədik və sair. Ermənistan isə yeni müqavilələr imzaladı, bu cür təşkilatlara daxil oldu. Bu da müəyyən qədər rol oynadı. Aydındır ki, rus siyasətində hər zaman təhlükəsizlik sahəsinə cavabdeh olanlar əsas söz sahibi olublar. Onlarsa Ermənistanı indiki dönəmə qədər dəstəkləyiblər. Elə işğal siyasətinin 30 il davam etməsinin bir səbəbi də bununla bağlıdır.

- Oktyabrın 31-də Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında Soçidə görüş keçiriləcək. Bir çox mütəxəssislər elan edirlər ki, Kreml bununla Brüssel, Praqa və Vaşinqton görüşlərini, orada əldə olunan razılaşmaları pozmağa cəhd edir. Siz bu barədə nə düşünürsünüz?
- Əlbəttə, ruslar daha çox Avropa Birliyinin və ABŞ-ın Qarabağ mövzusunda təşəbbüsü ələ almasını çox qısqanclıqla, qəzəblə qarşılayır və düşünürlər ki, bu məsələ yalnız onların inhisarında olmalıdır. Müharibəni Rusiya prezidenti üçtərəfli razılaşma ilə saxlayıb və proses də üçtərəfli saziş əsasında getməlidir. Hətta sülh sazişi də Rusiyanın qarant ölkə olması şərtilə imzalanmalıdır. Bu da o deməkdir ki, Rusiya daim bu prosesə müdaxilə etmək imkanını özündə saxlamaq istəyir. Moskvadsa düşünüerlər ki, bu, regionun gələcəyi və hər zaman Rusiyanın nüfuzu altında qalması onlar üçün olduqca vacibdir. Bu baxımdan ruslar çalışırlar ki, sülh müqaviləsi imzalansa, sərhədlərin delimitasiya və demarkasiyası olsa belə, ümumilikdə proses onların nəzarətindən və orbitindən çıxmasın.
- Yəni, münaqişə davam etsin?
- Məncə, bu, o demək deyil ki, münaqişə davam etməlidir. Ruslar deyirlər ki, həll olunsun, amma biz hər zaman prosesdə aparıcı rolunda olaq. Avropa Birliyi və ABŞ prosesdə moderator roluna malik olmasın. Çünki bu halda Rusiyanın təsirləri zəifləyir. Əlbəttə, mən məsələni Rusiya maraqları kontekstində qiymətləndirirəm. Yəni, onlar belə düşünürlər.
- Hazırda Avropa İttifaqı və ABŞ sülh prosesində fəal iştirak edir, təşəbbüsü ələ almış kimi görünür və Ermənistana müşahidəçilər göndərirlər. Ukrayna savaşında zəifləyən Rusiya Qərbi dayandırmaq və onun planlarını pozmaq imkanlarına malikdirmi?
- Dayandırmaq imkanlarına malikdir. Ermənistan daxilində destabilizasiya yaratmaq yolu ilə bunu edə bilərlər. İkincisi, hazırda Ermənistan siyasi rəhbərliyi qəti mövqe tutub və Rusiyanın tələblərini qulaqardına vurur. Sergey Lavrov sonuncu dəfə Ararat Mirzoyanla görüşü zamanı bildirdi ki, rəsmi İrəvanın müraciəti lazımdır ki, KTMT-nin müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədinə gəlsin. Amma həmin görüşdən keçən müddət ərzində erməni hökuməti belə bir tələblə çıxış etmədi, əvəzində Avropa Birliyinin müşahidəçilərini ölkəyə gətirdi. O cümlədən də ATƏT müşahidəçilərini. Bu baxımda Rusiya zor gücünə sülh prosesini dayandırmağa cəhd edə bilər. Amma Ermənistan rəhbərliyi Rusiya və KTMT-nin ona kömək etmədiyini əsas gətirərək Avropa Birliyi, Fransa və ABŞ-ın rolunun artmasına çalışır.
- Sizcə, indiki şərtlər daxilində bizim üçün Moskva, Brüssel, yoxsa Vaşinqton platforması əlverişlidir?
- Hazırda qeyd edilən platformalarda gedən danışıqlardan xəbərimiz yoxdur. Bir çox hallarda belə danışıqlar zamanı tərəflərin təklifləri haqqında erməni və ya rus mənbələrinin məlumatları əsasında danışırıq. Ancaq belə mənbələrin mülahizə və fikirlərinə əsaslanaraq qəti söz deməyimiz də bir qədər doğru olmazdı.
- Siz alternativ platformalarda danışıqların aparılmasını doğru sayırsınızmı?
- Mən deyirəm ki, meydanda faktiki olaraq kim var, buna diqqət etmək lazımdır. Sahədə rus qüvvələri var. Avropa İttifaqının vasitəçiliyinə üstünlük versək də, Qarabağın müəyyən hissəsində, eləcə də Ermənistanla Xankəndi arasında olan dəhlizdə rus qüvvələri dayanır. Son nəticədə hər şey gəlib bunun üzərinə çıxır. Odur ki, danışıqlar alternativ platformalarda da aparıla bilər. Lakin bizim üçün sonda məntiqi nəticə vacibdir.
Rasim Əliyev
“AzPolitika.info”скачать dle 12.1