Bia.Az

Vəkil Elçin Sadıqovun Azərbaycan ərazisində hərəkətinə icazə verilməyib

Siyasət
 27-10-2022, 00:51     160

Ev dustaqlığında olan vəkil Elçin Sadıqov Bakıdan çıxışına icazə verilməsi üçün məhkəməyə müraciət edib.

APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi vəkilin ərizəsini təmin etməyib.

Elçin Sadıqov qərardan apellyasiya şikayəti verəcəyini bildirib. Vəkil bildirib ki, ev dustaqlığıyla bağlı məhkəmə qərarlarının əksəriyyətində şəxslərə Bakını yox, Azərbaycan ərazisini tərk etmək qadağan olunur. Sadıqov bununla vəkil kimi fəaliyyətinin məhdudlaşdırıldığını deyib:
"Həbsimdən əvvəl müxtəlif bölgələrdən olan müvəkkillərimin işlərini götürüb, onların hüquqlarını müdafiə edirdim. Mənə paytaxt ərazisini tərk etmək qadağası qoymaqla həm də həmin şəxslərin müdafiə hüququ pozulmuş olur".

Xatırladaq ki, Elçin Sadıqov bir müddət əvvəl Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birgə həbs olunub.

Vəkil Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.


Sonradan Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Həmin qərarda ona bir sıra qadağalar qoyulub ki, onlardan biri də ev dustaqlığı dövründə Bakı ərazisini tərk etməməklə bağlıdır.скачать dle 12.1