Bia.Az

Dövlət TV-ləri Putinin və Lavrovun imzaladığı sənədi heçə sayır

Siyasət
 26-10-2022, 09:43     203

Bu cür çirkin kampaniyalarda hakim “Vahid Rusiya” Partiyasının üzvləri də iştirak edirlər

Azərbaycanın Rusiyadakı səfirliyi oktyabrın 20 və 21-də “Birinci Kanal”da yayımlanan “Böyük oyun” verilişində səslənən fikirlərə görə Rusiya Xarici İşlər Nazirliyinə rəsmi etiraz notası göndərib. Notada bildirilir ki, verilişdə erməni əsilli rusiyalı politoloq və ekspertlər açıq-aşkar anti-Azərbaycan mövqe sərgiləyiblər, Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, ölkəmizin coğrafi xəritəsi təhrif edilib.
Notada xüsusi vurğulanır ki, tok-şou qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri təhrik edir, keçmişdə qalan münaqişəni canlandırır və separatizmi açıq şəkildə dəstəkləməklə iki xalq arasında düşmənçilik toxumu səpirlər. Səfirlik nazirliyin diqqətinə çatdırıb ki, dövlət telekanalının efirində qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Prezidenti tərəfindən Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı dəfələrlə səsləndirilən rəsmi mövqeyə ziddir, eyni zamanda regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün atılan addımları sarsıdır. Həmçinin təəssüflə vurğulanıb ki, “Vahid Rusiya” fraksiyasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonov bu tok-şousun aparıcısı və birbaşa iştirakçısıdır. “Rusiyanın hakim partiyasının nümayəndələrinin bu cür davranışı Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı fəaliyyətinin ruhuna ziddir, həmçinin ikitərəfli münasibətlərə ciddi ziyan vurur”, - deyə notada bildirilir.
Qeyd edək ki, bu ilin iyunun əvvəlində Rusiyanın dövlət “RİA-Novosti” agentliyi özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanla müsahibə yaymışdı. Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması rəsmi Bakının ciddi narazılığına səbəb olmuşdu. Bundan sonra agentliyin saytına giriş  Azərbaycanın ərazisində bloklanmışdı.
2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin 11-ci bəndində isə bildirilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.
İyulun 24-də isə Bakıya səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrovla Ceyhun Bayramov arasında tərəflər informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalandı. Sənədin təfərrüatları bu günədək də açıqlanmasa da, məlumdur ki, tərəflər informasiya sahəsində üzərlərinə müəyyən öhdəliklər götürüblər. Amma belə görünür ki, Rusiya dövlət kanalları bu sənədlərə əməl etmək istəmirlər. Üstəlik, bu cür çirkin kampaniyalarda hakim “Vahid Rusiya” Partiyasının üzvləri də iştirak edirlər. Rusiya XİN ölkəsinin mediasında Azərbaycana qarşı qərəzli təbliğatı önləyə bilmir, yoxsa bunu istəmir? Erməniyönümlü ekspertləri efirə çıxarıb Rusiyanı azsaylı strateji müttəfiqləri ilə üz-üzə qoyanlar kimlərdir? YAP hakim “Vahid Rusiya” Partiyasına öz etirazını bildirəcəkmi?
Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC
Ceyhun Məmmədov
Hakim Yeni Azərbaycan Partiyasının deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya telekanallarında, xüsusən də dövlət televiziyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı təbliğat və çıxışlara yol verilməməli idi: “Rusiya və Azərbaycan arasında 22 fevralda imzalanan bəyannamənin, 24 iyulda xarici işlər nazirləri arasında imzalanan əməkdaşlıq haqqında sazişin tələbləri də bunu ehtiva edirdi. Lakin belə görünür ki, imzalanan sənədlər belə nəzərə alınmır, Rusiya tərəfi özünün imzaladığı sənədlərin tələblərini pozur. Dəfələrlə Azərbaycan və Rusiya prezidentlərinin görüşləri olub və bu görüşlərdə də əldə edilən razılaşamalar var. Təəssüf ki, Rusiya telekanallarında bütün bu məsələlər nəzərə alınmır. Dövlətin müvafiq strukturları, vəzifəli şəxsləri isə buna göz yumurlar, Azərbaycana qarşı kampaniyanın, Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatların qarşısını almırlar. Bu da istər-istəməz ortaya suallar çıxarır. Eyni zamanda Azərbaycan tərəfinin haqlı narazılığına əsas yaradır. Azərbaycan imzasına həmişə hörmət edib, imzaladığı sənədlərin tələblərinə əməl edib. Lakin biz son zamanlar Rusiya tərəfindən bunu görmürük. Azərbaycan Xarici İşlər Nazirliyi vəziyyətin get-gedə daha geniş miqyas aldığını və Rusiya hakimiyyəti tərəfindən tədbir görülmədiyini görərək haqlı olaraq nota ilə etirazını bildirdi. Bu, Azərbaycanın etirazıdır. Kimlərsə deyə bilər ki, həmin telekanallarda ermənilər də işləyir, ekspertlərin sırasında ermənilər var və Azərbaycan əleyhinə kampaniya bundan qaynaqlanır. Ermənilərin mövqeləri bəllidir və hər fürsətdə Azərbaycana qarşı düşmənçiliklərini göstərirlər. Amma dövlət televiziyasında Azərbaycana qarşı ardıcıl kampaniya həyata keçirilirsə, burada Rusiya dövləti də məsuliyyət daşıyır, dövlətin də mövqeyi var. Azərbaycana qarşı verilişlərdə hakimiyyət deputatları, dövlət rəsmiləri də iştirak edir”.
Deputatın sözlərinə görə, bütün bunlar onu göstərir ki, bu, düşünülmüş və planlaşdırılmış prosesdir. Ona görə də məsuliyyəti Rusiya tərəfi daşıyır: “Azərbaycan artıq etirazını nota ilə ifadə edib və notada Rusiyadan hansı gərəkən addımları atmasını gözlədiyimizi qeyd etmişik. Biz Rusiyanın rəsmi mövqeyini gözləyirik. Rusiya məsələyə aydınlıq gətirməlidir ki, Rusiyanın deputatları, rəsmiləri, dövlət kanalı necə olur ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatlar həyata keçirirlər. Məsuliyyəti Rusiya tərəfi daşıdığı üçün izahı, cavabı da Rusiya verməlidir. Mən fürsətdən istifadə edib Rusiyada yaşayan azərbaycanlılara da müraciət edirəm ki, onlar da bu informasiya müharibəsində aktiv olsunlar, Azərbaycan dövlətinin ərazi bütövlüyünə, suverenliyinə qarşı olan təbliğata qarşı qanun müstəvisində mövqelərini ifadə etsinlər, Azərbaycan həqiqətlərini təbliğ etsinlər, erməni vəhşiliyini, erməni işğalçılığını ifşa etsinlər”.
C.Məmmədov onu da qeyd etdi ki, bu günə kimi Azərbaycan Rusiya əleyhinə heç bir hərəkətə yol verməyib, bu gün Azərbaycanda rus dili tədris olunur, bu gün Azərbaycanda Rusiya əleyhinə heç bir mitinq keçirilmir və sair. Amma Ermənistan Rusiyaya ard-arda xəyanət etməkdədir, rus dilində məktəblər Ermənistanda qadağan edilib, Rusiyaya qarşı Ermənistanda mitinqlər keçirilir, Rusiyanı aşağılayırlar: “Ancaq bütün bunlara görə Rusiya telekanalları Ermənistana qarşı heç bir fikir bildirmirlər. Azərbaycana qarşı isə antitəbliğat kampaniyası həyata keçirirlər. Bütün bunlar isə Azərbaycan cəmiyyətində ciddi narazılıqlar doğurur. Nə qədər ki, gec deyil, Rusiya tərəfi məsələyə münasibətini ortaya qoymalı və Azərbaycana qarşı həyata keçirilən antitəbliğata, təxribatalara qarşı addımlar atılmalıdır. Əgər bu prosesin qarşısı alınmayacaqsa, belə davam edəcəksə, o zaman Azərbaycan da müəyyən tədbirlər görəcək, addımlar atacaq. Rusiya bunu nəzərə almalıdır. Azərbaycan özü münasibətlərdə səmimidir və qarşı tərəfdən də bunu gözləyir. Biz Rusiyanın öz telekanallarında Azərbaycana qarşı təxribat xarakterli təbliğat aparılmasına şərait yaratmasını qətiyyətlə pisləyirik. Belə bir mənzərə yaranır ki, Rusiya imzaladığı sənədlərlə üzərinə götürdüyü öhdəliklərə əməl etmir, o sənədlər Rusiya üçün ancaq adi kağızdan ibarətdir və o zaman biz də Rusiya tərəfinə etibarsız tərəf kimi yanaşmalıyıq”./“Yeni Müsavat”/скачать dle 12.1