Bia.Az

“11 nömrə” ilə gəzən partiya sədrləri

Sosial
 26-10-2022, 09:11     250

Oktyabrın 24-də Milli Məclisdə keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsində AG Partiyanın rəhbəri Tural Abbaslı bildirib ki, maşını yoxdur. “Bütün günü avtobusda, metrodayam”, - deyə partiya sədri vurğulayıb.

Bəs daha hansı partiya sədrləri, xalq dili ilə desək, “11 nömrə” ilə gəzir? Avtomobili olmayanların sürməyə həvəsi ya pulu yoxdur?
AĞ Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”ın bununla bağlı sorğusuna bu cür cavab verdi: “Əvvəla onu qeyd edim ki, lap əvvəldən avtomobil sürməyə həvəsim və meylim olmayıb. Digər tərəfdən, sadə Azərbaycan vətəndaşları kimi mənim də pulum aşıb-daşmır ki, maşın ala bilim. Yəni adi vətəndaşlar hansı qayğılarla yaşayırsa, biz də o qayğılarla yaşayırıq, avtomobildən öncə olan öhdəliklərimiz var.  Buna görə də gündəlik olaraq partiya üzvlərimizin və ya yaxın dostlarımızın avtomobillərindən istifadə edirik. Baxmayaraq ki, bu gün YAP-dan sonra Azərbaycanın ən güclü partiyalarndan biriyik, bəlkə də birincisi, amma dövlət bu məsələ ilə bağlı təminat vermir. Hətta banan  ölkələrində belə dövlət partiya rəhbərlərinə lazım olan təminatı edir. Bizə sağ ol deməkdən ki, sağ olun, partiya yaradırsınız, siyasətçi yetişdirirsiniz, əksinə, deyirlər ki, partiyanı ləğv edin”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi  Partiyasının sədr müavini Elçin Mirzəbəyli isə bunları dedi: “Bizim partiyanın sədrinin, sədr müavinlərinin, eləcə də idarə heyətinin üzvlərinin avtomobilləri var. Bizim üçün bir şəxsin avtomobilinin olması onun ehtiyacının ödənməsi anlamına gəlir. Bu, komfort və özünü nümayiş məqsədilə olan vasitə deyil. Telefona necə yanaşırıqsa, nəqliyyat məsələsinə də bu cür yanaşırıq. Bu aspektdən, ümumiyyətlə, belə məsələlərin müzakirə mövzusu olması mənə çox qəribə gəlir. Partiya sədrləri adətən siyasi  hakimiyyətə gəlmək üçün siyasi partiya yaradırlar. Belə olan halda, əlbəttə ki, özlərini nəqliyyat vasitəsi ilə təmin etməlidirlər, kimsə gəlib onlara avtomobil almalı deyil ki... Hamı bilir ki, siyasi fəaliyyət gəlir mənbəyi gətirən sahə deyil. Yəni insan siyasi fəaliyyətlə məşğul olursa, digər fəaliyyət göstərdiyi bir istiqamət də olmalıdır. Məsələn, mən öz həyatımı jurnalist peşəmlə təmin edirəm. Bu baxımdan da siyasi partiya sədrləri  bu haqda düşünməlidirlər”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə bildirdi ki, 2016-cı ildən “Mazda” markalı avtomobili var: “Avtomobilim partiyanın avtomobilidir. Parlamentdə dövlət tərəfindən maliyyələşən təşkilat olduğumuz zaman həmin avtomobili almışdıq. Avtomobili əsasən özüm idarə edirəm. Yəni kadrlarım o qədər də çox deyil ki, kimsə məni harasa aparsın. Yalnız çətin yol olanda sürücü idarə edir”.
Bahalı marka avtomobili olan partiya rəhbərlərindən biri AXCP sədri Əli Kərimlidir. Onun Yaponiya istehsalı olan son model “Mazda CX9" avtomobili var. Bu avtomobilin son buraxılışının hazırda bazar qiyməti 83 min 600 AZN-dir. Əli Kərimlinin avtomobilini adətən sürücüsü idarə edir.
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin isə hazırda bazar qiyməti 88 min 300 manat olan “Toyota Lan Gruiser” sürdüyü deyilir.
ADP rəhbəri Sərdar Cəlaloğlu artıq uzun illərdir ki, “Toyota Prado” markalı avtomobilə sahibdir və maşını özü idarə edir.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da artıq uzun illərdir ki, el arasında “Vilis” kimi tanıdığımız “UAZ” markalı avtomobili idarə edir.скачать dle 12.1