Bia.Az

Fransa Elşad Abdullayevi hansı məqsədlərlə himayə edir?

Siyasət
 26-10-2022, 00:50     191

Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq özünün ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Təbii ki, nə düşmən Ermənistan, nə də ölkəmizin uğurlarına qısqanclıq zəminində erməniləri himayə edən qüvvələr bu reallıqları həzm edə bilmirlər. Bu gün istər Fransa prezidenti Makronun məsuliyyətsiz ermənipərəst bəyanatları, istərsə də illər boyu müsəlman məscidlərini talan və təhqir edən, dağıdıb viranə qoyan erməni vandallarına təhlükəsizlik vəd edən İranın Qafanda konsulluq açması Azərbaycana qarşı açıq-aşkar qərəzli, hətta demək olar ki, düşmən münasibətlərin nümayişindən başqa bir şey deyil. Əlbəttə, bizimlə dostluq etmək istəməyən bizdən heç nə apara bilməz və Azərbaycana qarşı belə münasibət sərgiləyən ölkələr nəticə etibarı ilə özləri uduzmuş olacaqlar. Bu gün dünya və Avropa ölkələrinin böyük əksəriyyəti Cənabi Qafqaz regionunda Azərbaycanın rəyi və iştirakı olmadan hər hansı bir irimiqyaslı layihəni həyata keçirməyin mümkün olmadığını bilir və qəbul edir. Üstəlik Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolu da ölkəmizin mövqelərinin daha da artmasını şərtləndirir.
       

Lakin bütün bunlara rəğmən bu gün istər dünyada, istərsə də Avropada nə qərəzli münasibət tendensiyası, nə də ikili standartlar siyasəti hələ ki, ləğv olunmayıb. Belə yanaşmanı tərciyə edən qüvvələr isə ölkəmizin nüfuzuna xələl gətirmək məqsədilə istənilən üsullara əl atır, heç bir vasitədən çəkinmirlər. Təbii ki, hər hansı bir ölkəyə qarşı “qara piar” kampaniyalarının həyata keçirilməsində ən çox istifadə olunan “ənənəvi” üsullardan biri də “siyasi mühacir”lərə sığınacaq verilməsidir. Məlum olduğu kimi, bu məqsədlə müəyyən ölkələrin xüsusi xidmət orqanları əksər hallarda öz ölkələrində cinayət işlədərək cəzadan qaçmaq üçün xarici ölkələrə üz tutan insanları müvəqqəti himayə edir, bunun müqabilində isə onlardan öz ölkələrinə qarşı böhtan və iftira kampaniyaları aparmağı tələb edirlər.
       
Əfsuslar olsun ki, Azərbaycan cəmiyyəti də vaxtilə daxilində belə ünsürlərin formalaşmasına müəyyən mənada şərait yaratmış olub. O cümlədən, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetinin sabiq rektoru Elşad Abdullayev də hazırda yaşadığı Fransada ölkəmizə qarşı vaxtaşırı etdiyi böhtan xarakterli çıxışları ilə özünə himayədarlar tapmağa nail ola bilib. Məlumdur ki, E.Abdullayev barəsində hələ bir neçə il bundan əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb. Təkcə bir epizodla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2021-ci ildə verilmiş rəsmi məlumata əsasən, E.Abdullayev AR CM-nin 137.3 və 308.2 maddələri ilə 2013-cü ildə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin istintaqdan qaçıb gizləndiyinə görə, barəsində axtarış elan olunmuşdur. Bu şəxsin hazırda Fransada yaşadığı heç də məxfi məlumat olmasa da, bu ölkənin müəyyən dairələri onun Azərbaycana təhvil verilməsinə heç də tələsmirlər. Maraqlıdır ki, E.Abdullayevin törətdiyi əməllərdən zərər çəkdiyinə görə ondan şikayətçi olan çəxslərin çoxsaylı müraciətlərinə verilən cavablarda göstərilir ki, Elşad Abdullayevin beynəlxalq axtarışı, İnterpol-un nizamnaməsinin tələblərinə zidd olduğu əsas gətirilərək, təşkilatın baş katibliyi tərəfindən 2020-ci ildə dayandırılmışdır. Əlbəttə ki, bu cavab Qərbin ikili standartlar siyasətindən hələ də əl çəkmək niyyətində olmadığını bir daha sübuta yetirir. Eyni zamanda da bu yanaşma aradakı tarix fərqinə baxmayaraq, Fransa prezidentinin son günlər həm Azərbaycana, həm də Rusiyaya qarşı verdiyi qərəzli bəyanatlarla son dərəcə uzlaşır.
       
 Aydındır ki, Fransa hökumətini nə Elşad Abdullayevin özü, nə də onun törətdiyi cinayət əməlləri qətiyyən maraqlandırmır. Bu məsələdə Qərbin əsas “demokratiya carçısını” maraqlandıran yeganə məqam E.Abdullayevin ölkəmizə qarşı “qara piar” kampaniyaları hazırlayan qüvvələrə nə dərəcədə lazımlı ola biləcəyi ilə bağlıdır. Əlbəttə ki, sabiq rektor özü bu vəziyyəti hər kəsdən də yaxşı bilir və məhz buna görə onun müxtəlif saytlarda, sosial şəbəkə platformalarında istər ölkənin ayrı-ayrı tanınmış simalarına, istərsə də ümumilikdə Azərbaycan dövlətinə qarşı etdiyi çıxışlar, həyata keçirdiyi böhtan kampaniyaları səngimək bilmir. Amma Elşad Abdullayev bunu da gözəl bilir ki, hazırda yaşananlar yalnız müvəqqəti haldır və bir gün o, ədalət məhkəməsi qarşısında mütləq duracaq. Məhz o zaman vaxtilə rəhbərlik etdiyi ali təhsil müəssisəsində minlərlə insanlardan mənimsədiyi pullara görə də, törətdiyi dələduzluq, rüşvətxorluq, korrupsiya əməllərinə görə də və əgər təsdiq olunarsa xarici xüsusi xidmət orqanları ilə ölkəmizə qarşı əməkdaşlığa görə də cavab verməsi və cəza çəkməsi qaçılmaz olacaq./“Qanun və Hədəf”/ скачать dle 12.1