bia.az

SON DƏQİQƏ

Boz Qurd haqqında axşam düşüncələri...

11-09-2019, 21:31

Boz Qurd haqqında axşam düşüncələri...

Qazaxstanın paytaxtı Nur-Sultan şəhərində möhtəşəm bir abidə var - beyrək baxışlı bir türk çocuğu əzəmətli Boz Qurdun sırtında dayanaraq türk qövmünün dünya səhnəsinə gəlməsini bəyan edir. Mən bilmirəm bu əfsanənin neçə yaşı var, min ildirmi, beş min ildirmi? Bildiyim yalnız odur ki, bu tarix bizim qanımızdadır, bu əfsanə bizim genimizdədir, atamızın toxumu, anamızın südü ilə hopub canımıza. Tanrının inayəti və kılavuz Boz Qurdun göstərdiyi yol gətirdi bizi tarix adlı səhnəsinənin ortasına. Qurd oğlu Qurd gəlir-dedi dağlar, çaylar və ağaclar, Günəş və Ay üşıq saldı onlar keçən yollara. Sədlər keçildi, dövlətlər quruldu, zaman-zaman XXI yüz ilə gəldik, Türk yüz ilinə. Türk kimi gəldik, Qurd kimi gəldik. Elbaşı Nursultan Nazarbayevi də buna görə sevirəm, çünki heç zaman danmadı qurdluğunu. Qurd başlı mavi bayraqların sanını qaytardı hökmdarlıq mərtəbəsinə... Əlbəttə aramızda keçmişini dananlar da az deyil, amma bunlar içimizdə olsalar da, heç də bizdən deyillər. Mənim “Türk əsrinin türküləri” kitabımın Bakı nəşri belə misralarla başlayırdı: ”Mən Qurdam, mən Qurdam, hə! Bismillah irrəhman irrəhim və fatihə!”
Bir neçə il öncə Bakı Mətbuat Mərkəzində “Belnəlxalq Mahmud Kaşqari mükafatı”nın təqdim etmə mərasimi keçirilirdi. Tədbirə qatılan görkəmli Türkiyə yazarı, türk dünyasının dərvişi İmdad Afşar İstanbuldan zəng edib dedi ki, “tədbirə Boz Qurdla gəlirəm, əsil sənin adamındır”. Mərasim bitəndən sonra İmdad Afşar məni Cağatay Han Torunla tanış elədi. Sözün düzü onu qiyabi tanıyırdım, Ülkü Ocaqlarında və Milliyətçi Hərəkat Partiyasındakı fəaliyyətləri barədə məlumatlıydım, türk ülküsünün böyük aşiqi olduğunu bilirdim. Nə isə...Qonaqlar, İmdad Afşarla Cağatay Han Torun, uzaq yoldan gəlmişdilər, tədbir də iki saata yaxın çəkmişdi, buna görə nahara getməyi təklif etdik. Laureatlar türk dünyasında tanınmış adamlardı və qonaqlarımızı yaxşı tanıyırdılar. “Bakı ziyarətini şəhidlər ziyarətindən başlamaq istəyirəm-dedi Cağatay, - Elxan bəy öncə ora getsək yaxşı olar. Boz Qurd yaşamaq üçün yeyir, yemək üçün yaşamır-həmin anda bu fikir keçdi beynimdən. Şəhidlər xiyabanına yollandıq. Hava soyuq və küləkliydi, amma adddım-addım dolaşdıq o müqəddəs yeri. Sonra uzun-uzun söhbətlər etdik İmdat, Cağatay və mən. İmdat Afşarın fəaliyyətləri barədə Azərbaycan mətbuatında çox yazılıb, buna görə bu yazıda onların üzərində geniş dayanmaq istəmirəm, sadəcə onu deyə bilərəm ki, o əsl Boz Qurddur...
Çay süfrəsi arxasında oturmuşuq, Cağatay ülkücülərin Azərbaycan sevdasından danışır, Sovet dönəmində və Qarabağ savaşı dövründə hansı hissləri keçirdiklərini, hansı işləri gördüklərini xatırlayır. Söhbət başbuğdan düşür, Alp Arslan Türkeşdən. O Türkiyədə zehniyyətlərin Avropanın kandarında süründüyü dövrlərdə milyonlarla gəncə türk ülküsünün şərbətini dadızdırmış, milyonların ürəyində Boz Qurd abidəsi qoymuşdu. Mənim Bakıda, “Karvansarada” oturub türk dünyasının gəlmişindən-getmişindən söhbət etdiyim Cağatay Xan Torun və İmdat Afşar da o gənclərin sırasından yetişmişlər və indi türk ülküsünü, türk birliyi sevdasını bütün türk ellərində yayırlar. Mən başbuğun Bakıya ilk gəlişini xatırlayıram, həmin dövrdə bu böyük tarixi hadisəydi. O tribunaya çıxanda on minlərlə insan “Boz Qurd” deyə bağırırdı. Biz Sovet sistemindən çıxmışdıq, bozqurdlar, ülküçülər bizə uzun illər boyu faşist, terrorçu kimi təlqin olunmuşdu. Bir gün isə Alp Arslan Türkeş gəlib bizim ürəyimizdə də “Boz Qurd” abidəsi qoydu, çünki müqəddəs yer heç vaxt boş qala bilməz. Cağatay başbuğun ülgüçü sənət və qələm adamlarına göstərdiyi maddi və mənəvi yardımlardan danışır. Bir olmaq üçün, iri olmaq üçün, diri olmaq üçün ortaq dəyərlərimizin hər yanda oturuşmasına nail olmalıyıq-deyir. Qardaş-qardaş deməklə qardaşlıq olmur. Qardaşlar gərək bir-birini yaxşı tanısın, bir-birinin mədəniyyətini, dəyərlərini bilsin. Əgər İmdat və mən bu yöndə əsasən qələmimizlə çalışırıqsa, Cağatay həm də bu yöndə paralar xərcləyir, başbuğ Alp Arslan Türkeşin qoyduğu mirası inkişaf etdirir. Türk ellərini qarış-qarış gəzib əlaqələr qurur, türk tarixinə, mədəniyyətinə, ədəbiyyatına aid əsərlərin nəşr olunub yayılması üçün əlindən gələni edir. Ayrı cürdə ola bilməz, Cağatay kimi ürəyində Boz Qurd abidəsi gəzdirən bir kişi üçün bütün türk dünyası yurddur, yuvadır. Qurd isə haraya getsə də gec-tez yuvasına dönməlidir. Allah biz türkləri belə yaradıb ki, babalarımız (ya nənələrimiz, fərqi yoxdur) Orhunda, ya Səmərqənddə bətnə düşüb, gəlib Tovuzda, ya Kayseridə doğulub. Sayın R.T.Ərdoğan demiş,”bizim cızılan sərhədlərdən savayı, könül sərhədlərimiz də var”. Bu günkü fiziki sərhədləri imperyalistlər cizib, könül sərhəblərini isə cızan Allahdır. Allah cızan sərhədlərsə əbədi olur. Kim bilir bu tarix necə dəfə təkrarlanıb, tufanlar olub, dövlətlər dağılıb, sərhədlər dəyişib, biz isə hələ də varıq. Tanrının kılavuz göndərdiyi Boz Qurdun tarix səhnəsinə gətirdiyi, tanrı törəsini genlərində yaşadan türk qövmü. Qurd başlı mavi bayraqların kölgəsində Mengü(əbədi) El quran balalarımızın dediyi kimi, “Göy çökməsə, Yer dağılmasa türk törəsi pozulmaz. Axı bu törəni yaşadan Cağatay kimi, İmdat kimi nə qədər insanlar var. Elbaşı Nursultan Nazarbayev kimi türk ülküsünə abidə qoyduran hökmdarlar var. Ülkümüz mələkdən narın olsa da, almasdan da sərtdir. Yəni ölümsüzdür. Hərdən məndən soruşurlar ki, nəyə görə mükafatlar təsis edirsən, ölkələri dolaşıb kimləri isə mükafatlandırırsan, bundansa gedib çox yaxşı bacardığın şeirini yazsan. Deyirəm, mən Türk Törə Ocağı başqanıyam. Ocaq qurulanda rəhmətlik Əbülfəz Elçibəy kimi türk sevdalısı gəlib xeir - dua verib. Bizim devizimiz isə belədir: “Türklər törəlidir, törə əbədi”. Mahmud Kaşqari irsini də buna görə təbliğ edirəm, çünki o türk törəsinin ən böyük qoruyucularındandır. Mükafat isə türk törəsinin yaşadanlara bizim diqqətimizdir”.
Mən də, bizim mükafat komissiyası da, El üçün tər töküb əmək sərf edən sanballı kişiləri həmişə diqqətdə saxlamışıq, Türk dünyasının müxtəlif bölgələrində önəmli hesəb etdiyimiz şəxsiyyətləri mükafatlandırmışıq. Hələlik imkanlarımız bu qədərdir. Allahın köməyi ilə get-gedə artar. Mən bu yaxınlarda Türkiyədə nəşr olunacaq “Türk əsrinin türküləri” kitabımda Cağatay Xan Toruna da, İmdat Afşara şeirlər həsr etmişəm. Bir şair olaraq onların türk qövmü qarşısında xitmətlərini belə qarşılaya bilirəm. Bir başqan olaraq isə, əgər imkan varsa niyə də onlar mükafatlandırılmasın-deyirəm. İmdat Afşara düqqətimizi göstərmişik. Bilgələr Məclisi (Mükafat Komossiyası) Cağatay Xan Toruna öz diqqətini göstərər yəqin. Onun kimi ülküsü yolunda canından və pulundan keçən insanlar dünyada çoxdurmu ki? O Kaşqarda da doğula bilərdi, Təbrizdə də, Səmərqənddə də. Türk atlarının nallarının dəydiyi hər bir obada doğula bilərdi. Tanrının hökmüylə Türkiyə ulusunda doğuldu, El üçün candan keçən ər oldu. Əsgər ömrü yaşadı, çünki, məmləkət həmişə xilasçı bir ər arzusuyla yaşayır. Tanrı səni qorusun, Cağatay Xan Torun, Boz Qurd qardaşım.
Qardaşım İmdat Afşar fb-da paylaşdığı bir şəkildən doğdu bu yazı. Mən də düşüncələrimi oxucularla paylaşmaq istədim.


Elxan Zal Qaraxanlı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
DÜNYA